44 günlük Vətən müharibəsinin şəhidləri Ağdaş rayonunun Qaradağlı kəndində Əliyev Cəlil Qüdrət oğlunun, İkinci Aral kəndində Həsənov Rəvan Rövşən oğlunun, Tofiqi kəndində Maxsudov Bəxtiyar Mansur oğlunun, Ağdaş şəhərində Məmmədov Elvin Eldəniz oğlunun və Şəmsabad kəndində Feyruzlu Əlibəy Samir oğlunun ikinci ildönümü, Abad kəndində isə 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Qurbanov Xəqan Daşqın oğlunun hüzr mərasiminin 40-cı günü ilə bağlı mərasimlər keçirilib.
mərasimlərdə partiya fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov və əməkdaşları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhidlərin birgə xidmət etdikləri zabit və əsgər yoldaşları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, məzarları ziyarət olunmuş, üzərinə tər güllər düzülmüş, ruhlarına dualar oxunmuş, valideyinlərinə başsağlığı verilmişdir.
Əliyev Cəlil Qüdrət oğlu 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə qismən səfərbərliklə cəbhəyə yola düşən Cəlil Əliyev Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir O, oktyabrın 22-də doğma kəndi Qaradağlıda dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Həsənov Rəvan Rövşən oğlu 25 iyun 2001-ci ildə Ağdaş rayonunun İkinci Aral kəndində anadan olmuşdur. Vətən müharibəsi başlananda həqiqi hərbi xidmətdə olan Rəvan Həsənov Azərbaycan Ordusunun əsgəri kimi Füzuli-Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmiş və şəhid olmuşdur. O, oktyabrın 23-də doğulduğu kənddə dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Maxsudov Bəxtiyar Mansur oğlu 17 oktyabr 1997-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuşdur. Bəxtiyar Maxsudov Aprel döyüşlərinin də iştirakçısı olmuşdur. Vətən müharibəsi başlayanda təlim toplanışında olan Bəxtiyar Maxsudov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan döyüşlərdə iştirak etmiş, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 24-də doğulduğu Tofiqi kəndinin qəbristanlığında dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Məmmədov Elvin Eldəniz oğlu 25 iyunt 2001-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Vətən müharibəsi başlananda həqiqi hərbi xidmətdə olan xüsusi təyinatlı hərbçimiz Elvin Məmmədov Azərbaycan Ordusunun əsgəri kimi Füzuli-Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmiş və şəhid olmuşdur. O, oktyabrın 24-də Ağdaş şəhərinin Padar qəbirstanlığında dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Feyruzlu Əlibəy Samir oğlu 7 avqust 2001-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən çavuş Əlibəy Feyruzlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. O, oktyabrın 25-də doğma kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq