28 oktyabr 2022 03:21
849

Xarici ticarət 9 ayda: İxrac idxalı 3 dəfəyə yaxın üstələyib

Azərbaycanın ixracı və idxalı arasında 2,9 dəfə və ya 20 milyard ABŞ dollarına yaxın  fərq yaranıb. Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir ki, 2022-ci ilin yanvar - sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının məbləği 39 milyard 814 milyon dolları, o cümlədən ixrac əməliyyatları 29 milyard 521 milyon ABŞ dolları, idxal əməliyyatları 10 milyard 293 milyon ABŞ dollar olub.  Saldo müsbət 19 milyard 228 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün deyək ki, 2021-ci ilin yanvar – sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 22 milyard 974 milyon ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 14 milyard 630 milyon ABŞ dolları, idxal isə 8 milyard 344 milyon ABŞ dolları olmuşdu. Saldo müsbət 6 milyard 285 milyon ABŞ dolları təşkil etmişdi. Bu da o deməkdir ki, xarici ticarət dövriyyəsi 74 faiz, o cümlədən ixrac 2 dəfə, idxal 23,4 faiz artıb. Müsbət saldoda 3,1 dəfəyə yaxın artım olub.

Cari ilin 9 ayında ixracın 92,83 faizini neft-qaz sektoruna aid məhsullar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə 87,63 faiz idi. Başqa sözlə, bu sektorun ixracda payı son bir ildə 5,2 faiz bənd artıb.

Cari ilin yanvar-sentyabr aylarında neft-qaz sektorunda ixracın dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfədən çox artıb. İxracın dəyərinin artması qiymət amili ilə bağlıdır.

Qeyri-neft ixracının ümumi ixracda payının azalmasına baxmayaraq bu sektorda ixracın dəyəri hesabat dövründə 17 faiz artıb. Qiymət amili burada da öz sözünü deyir. Belə ki, bəzi məhsul qruplarının ixracında fiziki çəkisi azalsa da dəyəri artıb. Başqa ifadə ilə qiymətin artması fiziki çəkidəki azalmanı kompensasiya edib. Məsələn, meyvə-tərəvəz ixracının fiziki çəkisi 2,1 faiz azalsa da dəyəri 10,1 faiz artıb.   

Kimya sənayesi məhsullarında isə hər iki göstərici çoxalıb. Belə ki, illik müqayisədə belə məhsulların ixracının fiziki çəkisi 1,5 dəfə, dəyəri isə 3,3 dəfə çox olub. Lakin dəyərin artım tempinin fiziki çəkini 2 dəfədən çox üstələməsi burada da qiymət amilinin roluna işarə edir.  

Plastmassa və onlardan hazırlanan məmulatların ixracının fiziki çəkisi 11,8 faiz,  dəyəri 4,5 faiz azalıb. Pambıq lifinin ixracında da fiziki çəkidə 35,3 faizlik azalmaya baxmayaraq dəyərində 1,6 faiz kiçilmə olub. Həmçinin qara metallar və onlardan hazırlanan məmulatların ixracının fiziki çəkisi 2,1 faiz azalsa da, dəyəri 20,7 faiz artıb. Alüminium və ondan hazırlanan məmulatların ixracının isə fiziki çəkisi 1,6 faiz azalsa da, dəyəri 38 faiz çoxalıb.

Ceyhun Piriyev, “İki sahil”