Dünya bir yerdə dayanmır, daim inkişaf edir. Bu gün müasir insan öz həyatını “ağıllı telefon”suz, hər işini asanlaşdıran kompütersiz, mənzil başına komfortlu çatmağını təmin edən avtomobilsiz, bir sözlə, ona tanış olan yeniliklərsiz təsəvvür etmir. Yəni, innovasiya iqtisadi və sosial inkişafın əsas hərəkətverici qüvvəsidir.
Görünən odur ki, bu zamana qədərki innovativ fəaliyyət dünya ictimaiyyətini yeni və daha yüksək inkişaf səviyyəsinə çıxarıb. İnnovativ proseslər elmin müəyyən sahələrində yaranır və istehsal sferasında başa çatır. Nəticədə isə mütərəqqi dəyişikliklərə səbəb olur. İndi innovasiya daha üstün şərtlərdə yaşamaq, rəqabətədavamlı qalmaq üçün bir zərurətdir. Əksər hallarda yeniliyin tətbiqi fərd üçün köhnə və tanış olandan imtina etmək deməkdir. Lakin yeni ideyanın ortaya çıxması bəzən əməyin ucuzlaşmasına da səbəb olur. Mütəxəssislərin qənaətinə görə, innovasiyanın üstünlükləri yeni intellektual iş yerləri, yeni peşələrin yaranması, iş şəraitinin intellektuallaşdırılması, təhsil və mədəniyyət səviyyəsinin yüksəldilməsidirsə, mənfi cəhətləri isə tam məşğulluq kimi iqtisadi artım mənbəyinin məhv edilməsidir. Bununla yanaşı, əksər alimlər innovasiyanın iqtisadi və sosial inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsi ilə razılaşırlar. İndi artıq dünyada innovasiyalar ölkələrin iqtisadiyyatının gələcəyini, qlobal iqtisadi məkanda yerini müəyyən edən lokomotivə çevrilib.
Bu gün informasiya texnologiyaları bazarında güclü rəqabət var. Araşdırmalar, hesablamalar göstərir ki, istənilən ölkədə elmin inkişafı, orada ümumi daxili məhsulun (ÜDM) orta hesabla 50 faiz artmasına təsir göstərə bilir. Qloballaşma prosesində ölkələr arasında texnoloji rəqabət daha da artdı. ABŞ və Çin, Yaponiya şirkətləri innovativ məhsul və texnologiyaların tətbiqində, inkişafında üstünlük təşkil etməkdədirlər. Qeyd edək ki, “İnnovasiya” (ingiliscə innovation) “yenilik” mənasını verir və innovasiya prosesi nəticəsində yeni və ya təkmilləşmiş məhsul, xidmət təklif olunur.
Müasir texnika və texnologiyanın tətbiqi bizdən daha çalışqan, kreativ, yeniliklərə açıq olmağımızı tələb edir. Azərbaycanda da dövlət başçısı İlham Əliyevin rəhbərliyi hər sahədə innovasiyaların tətbiqinə üstünlük verilir. Belə ki, Prezident İlham Əliyev çıxışlarında ölkədə aparılan islahatlar proqramında innovativ texnologiyaların istifadəsini prioritet məsələlərdən biri adlandırır. Ölkəmiz bu sahədə nəinki regional liderdir, həm də bütün Avrasiya məkanında innovasiyalar sahəsində böyük nailiyyətlərə imza atıb. Xatırladaq ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı. Dövlət sektorunda innovasiya yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün bir yenilik idi. Çünki innovasiyalar adətən özəl sektorda fəal şəkildə tətbiq olunurdu. Lakin təcrübə göstərdi ki, bəzən onlar dövlət strukturlarında uğurla tətbiq oluna bilirlər və ölkəmizin bu sahədə təcrübəsi bir örnəkdir.
2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görüldü. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təqdim etmişdi. Bu mükafat bir daha Azərbaycanın özünün rəqəmsal texnologiyalarını tətbiq etmək istəyən dövlətlər arasında lider olduğunu sübut etdi. Yerli ekspertlərin fikrincə, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərilir. İnnovasiyalar nəticəsində inqilabi yeniliklər həyata keçirilir ki, bu da istehsal strukturunu, idarəetməni və iqtisadi inkişafın sürətini kökündən dəyişir. İnkişaf etmiş ölkələrdə sözügedən sahədə xüsusi institutların işləməsinə baxmayaraq, orada dövlət sektorunda innovasiyaların tətbiqi gözlənilən şəkildə irəliləmir.
Ölkəmizdə dövlət başçısının apardığı siyasətin təməlində, həyata keçirilən islahatların mərkəzində məhz Azərbaycan vətəndaşı və onun məmnunluğu dayanır. Prezident İlham Əliyevin ölkənin gələcəyini müasir innovasiyaların inkişafında görməsi “ASAN xidmət” və DOST mərkəzlərinin sayının artmasını şərtləndirir. DOST mərkəzləri isə sosial xidmətlərin səmərəliliyini, etibarlılığını təmin etmək və vətəndaşlarla dövlət qurumları arasındakı təmasları minimuma endirmək məqsədilə yaradılıb. Həmin mərkəzlər bu vəzifənin öhdəsindən uğurla gəlir və gözləntiləri doğruldur. Əhaliyə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir ki, bu da layihənin uğurunun göstəricisidir. Ekspertlər bildirirlər ki, son 19 ilə yaxın zaman ərzində Azərbaycan innovativ layihələrin praktiki həyata keçirilməsi üçün öz iqtisadiyyatının inqilabi yeniləşməsinə nail olaraq innovasiyaların həyata keçirilməsi üçün innovasiya mərkəzinə çevrilir.
Günel Cəlilova, “İki sahil”
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO