27 oktyabr 2022 22:13
1166

SOCAR-ın yenilənmiş veb-saytı: Yeni konsepsiya, yeni dizayn, yeni məzmun…

Bir neçə gün öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yenilənmiş veb-saytı istifadəyə verilib. Tamamilə yeni konsepsiya, dizayn və məzmunlardan ibarət veb-saytda SOCAR-ın əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat yer alıb.

Saytın “Haqqımızda” bölməsində Azərbaycanın neft tarixi - 100 fakt, qanunvericilik, korporativ strategiya, missiyamız və məramımız, SOCAR-ın Müşahidə Şurası, rəhbərlik, Apellyasiya Şurası, SOCAR qlobal, biznes vahidləri və hesabatlar haqqında məlumatlar yerləşdirilib. Hesabatlar dedikdə burada SOCAR-ın davamlı inkişaf, maliyyə, illik məlumatları barədə ətraflı məlumat əldə etmək olar.

Azərbaycanın neft tarixinə qısa səyahət etmək üçün isə “Azərbaycanın neft tarixi - 100 fakt” bölümünə daxil olmaq kifayətdir.

Yeni tərtibatla hazırlanan saytın “Fəaliyyət” bölməsində Dövlət Neft Şirkətinin kəşfiyyat/hasilat, nəql, emal-kimya sənayesi, marketinq və satış, SOCAR-ın xidmətlər və tədqiqat və inkişaf barədə məlumatlarla tanış olmaq olar.

SOCAR-da tədqiqat və inkişaf işləri əsasən "Neftqazelmitədqiqatlayihə" İnstitutunda həyata keçirilir. İnstitut aşkar olunmuş strukturların və neft-qaz yataqlarının geoloji-geofiziki tədqiqatı, axtarış-kəşfiyyatı, işlənməsi, mənimsənilməsi və istismarı, eləcə də neftin-qazın emalı ilə əlaqədar müxtəlif növlü layihələndirmə işlərini həyata keçirir. İnstitutun tərkibində elmi-tədqiqat, layihə və konstruktor işləri ilə məşğul olan 19 laboratoriya, 50 şöbə, 1 geoloji fond və 1 mərkəzləşmiş mətbəə fəaliyyət göstərir.

Saytın “Satınalmalar” bölümündə satınalma elanları, satınalma standartları, tələbat planı, təltiflər və vendor müraciəti yer alıb. Yenilənmiş saytın üstün cəhətlərindən biri də odur ki, burada satınalma elanları bölməsində SOCAR-ın strukturları tərəfindən verilən elan haqqında (müsabiqənin adı, müsabiqənin nömrəsi, elanın tarixi) məlumatları görmək olar.

“Dayanıqlılıq” bölməsində SOCAR-ın həyata keçirdiyi sosial layihələr barədə məlumatlar yer alıb. Bunlar insanlara qayğı, elm və təhsil və keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsidir (KSƏTƏMM).

SOCAR-ın Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətləri arasında elm və təhsilin inkişafına qayğı prioritet yer tutur. Çünki hər bir cəmiyyətin inkişafı onun elm və təhsilin inkişafına göstərdiyi dəstəyə düz mütənasibdir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Neft kapitalının insan kapitalına çevrilməsi” tapşırığını təhsilə etdiyi yatırımlar, töhfələrlə yerinə yetirən SOCAR bu sahədə də ölkənin aparıcı şirkətlərindəndir.

Saytın elm və təhsil bölməsində SOCAR-ın Elm Fondu, 2012-ci ildən fəaliyyət göstərən və ingilis dilində yüksək keyfiyyətli mühəndis təhsili verən SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM), Təlim Mərkəzləri, Təqaüd Proqramları, Ödənişli və Ödənişsiz İstehsalat Tərcübələri haqqında məlumat əldə etmək olar.

Qeyd edək ki, SOCAR onu da nəzərdə saxlayır ki, xarici dillərdə ali təhsil almaq üçün tədrisi bu dildə aparan məktəbəqədər hazırlıq müəssisələri və orta məktəblər də olmalıdır. Yenilənmiş saytda 2012-ci ildən ingilis dilində təhsil verən “Azərbaycan Britaniya Kolleci” (Azerbaijan British College - ABC) və 2014-cü ildən fransız dilində tədris verən “Bakı Fransız Liseyi” (Lycée Français de Bakou - LFB) məktəblərinin yaradılmasına SOCAR-ın dəstək göstərməsi qeyd olunub.

Yeni tərtibatla hazırlanan saytın “Karyera” bölməsində SOCAR-da iş imkanları, SOCAR-da iş həyatı, SOCAR-da öyrənmə və inkişaf haqqında məlumat əldə etmək olar. “SOCAR-da iş imkanları” bölməsində işə qəbul prosesi, vakansiyalarla tanış olmaq mümkündür.

Ən nəhayət mətbuat nümayəndələrinin diqqətinə çatdıraq ki, SOCAR-ın yenilənmiş veb-saytında “Media” bölməsi də özünəməxsus formada zəngindir. Burada SOCAR-ın Kommunikasiya xidmətinin hazırladığı press-relizlər, bildirişlər, multimedia yer alıb. Press-relizlər bölməsində davamlı olaraq SOCAR öz informasiyalarını yeniləyir. Nümunə olaraq bildirək ki, bu bölmədə son olaraq SOCAR-ın prezidenti Rövşən Nəcəfin 27-ci "Türkmənistanın nefti və qazı - 2022" beynəlxalq sərgi və konfransında iştirakına dair oktyabrın 27-də məlumat yayımlanıb.

Onu da bildirək ki, Dövlət Neft Şirkəti haqqında məlumatları yenilənmiş veb-saytdan başqa SOCAR-ın sosial şəbəkə səhifələrindən də əldə etmək olar.

Orxan Vahidğolu, “İki sahil”