"SOCAR karbamid" zavodunun məhsulu qeyri-neft ixracında ilk yerlərdə olmaqda davam edir. Belə ki, karbamid cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında birinci olub. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17 faiz artıb. Hesabat dövründə kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövrdə 163 milyon 531 min ABŞ dolları məbləğində karbamid ixrac edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,3 dəfə çoxdur. Karbamid ixracının fiziki çəkisi isə 37,6 faiz artıb. Ümumi ixracın 0,55 faizini, qeyri-neft ixracının isə 7,73 faizini karbamid təşkil edib. Karbamid ixracının dəyərinin artımının fiziki çəkini xeyli üstələməsi qiymətin yüksəlməsindən xəbər verir. Belə ki, ötən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ixrac edilən karbamidin qiyməti orta hesabla 2,4 dəfə artıb.
"SOCAR karbamid" zavodu 2019-cu ildə istismara verilib. Müəssisə Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında verdiyi Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Zavodun gündəlik istehsal həcmi 2 min, illik istehsal gücü 660 min tondur. İstehsal olunan məhsulun 30 faizi daxili bazar, 70 faizi ixrac üçün nəzərdə tutulub. Bu zavod daxili bazarın tələbatını tam ödəyir. İxrac olunan ölkələrin top 5-liyində Hindistan, Braziliya, Moldova, Türkiyə və Bolqarıstan yer alır.
Ümumiyyətlə, SOCAR ölkə iqtisadiyyatında neft-qaz sektoru ilə yanaşı, qeyri neft-qaz sektorunda da aparıcı şirkətdir. Bu ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə ən çox ixrac həyata keçirmiş dövlətə məxsus olan 10 müəssisədən 3-ü SOCAR-a məxsusdur. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıda, həmçinin “SOCAR Polymer” MMC və SOCAR-ın Geofizika və Geologiya İdarəsi də var. Bu müəssisələrin yanvar-avqust aylarında ixracı qeyri-neft ixracının 27,4 faizinə bərabər olub.
Cari ilin 8 ayında SOCAR-ın qeyri-neft ixracının dəyəri 515,9 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz çoxdur. Şirkətin qeyri-neft ixracının 27,6 faizini karbamid təşkil edib.
Ceyhun Piriyev, “İki sahil”
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib