29 oktyabr 2022 12:01
612

Sənaye zonalarında 8 milyard manatdan çox məhsul istehsal edilib

Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

İqtisadiyyat Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, sənaye zonalarında indiyədək ümumilikdə 8 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,6 milyard manatlıq hissəsi (təqribən 32,4 faizi) ixrac olunub.

Bu ilin yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,1 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 846,1 milyon manatı ixrac edilib. Sənaye zonaları üzrə məhsul satışı ötən ilin eyni dövrünə nisbətən 41,5 faiz, ixracı 55,3 faiz artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6 faiz, ixracında isə 33,3 faiz olub.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.