Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin infrastrukturunun bərpası və iqtisadiyyatının dirçəldilməsi strategiyasının hazırlanması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Eyni zamanda, adıçəkilən ərazilərin dirçəldilməsi layihələrinə investisiyanın cəlb edilməsi üçün uğurlu addımlar atıldı. Qarabağ və Şərqi Zəngəzur “ağıllı şəhər”lərin və “ağıllı kənd”lərin, hava limanlarının, avtomobil və dəmir yollarının salındığı, əkin sahələrinin becərildiyi bir bölgəyə çevrildi. Bu işlər hazırda sürətlə davam etdirilir. Yəni, bir tərəfdən yeni infrastruktur layihələrinin təməli qoyulur, digər tərəfdən artıq həyata keçirilən layihələr istifadəyə verilir, köçürülən əhalinin məşğulluğunun təmin edilməsi, həyat şəraitlərinin yüksəldilməsi üçün lazımi tədbirlər görülür. Yeri gəlmişkən xatırladaq ki, bu ilin iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Proqramı üzrə Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlandı.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının abadlaşdırılması, yenidən qurulması ölkə başçısının daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetlərdən biri olaraq müəyyən edilməsi bir daha təsdiqləyir ki, ölkə rəhbərliyi bu məsələyə böyük əhəmiyyət verir. Bərpa prosesinin səmərəli və mərkəzləşdirilmiş şəkildə təşkil edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən zəruri tədbirlər görülür və görülməkdədir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ildə əhəmiyyətli layihələrin icrasına, təməlqoyma mərasimlərinə şahidlik etdik. Ölkə başçısı İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradıldı. Bundan başqa, Qarabağın bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən 2,2 milyard manatın ayrılması onu deməyə əsas verirdi ki, növbəti ildə də işğaldan azad edilmiş ərazilərimizdə başlanan layihələr uğurla davam etdiriləcək.

Həmsöhbət olduğumuz Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Möhübbət Səmədov da işlərin sürətlə aparıldığını vurğulayaraq bildirdi ki, hazırda Zəngilan rayonunun Ağalı kəndində 66 ailə, 326 nəfər yaşayır: «Şəraitimiz yüksək səviyyədədir. Təbiəti gözəldir. Havası və suyu təmiz, safdır. Həkəri-Bərguşad çayı sahilində şükürlər olsun əla yaşayırıq. Zəngilan rayonu üzrə iri şirkətlər tərəfindən taxıl şumu və əkini ilə 3 şirkət məşğul olur. 7 750 hektara yaxın əkin aqrotexniki qaydalara uyğun aparılıb. Biz daim şirkətlərin fəaliyyətinə nəzarət etməklə yanaşı, həm də müəyyən göstərişlər veririk. Kənd camaatının həyətyanı sahələrində onlara təhkim edilmiş sahədə yay-payız mövsümü ilə əlaqədar olaraq kələm sortlarının müxtəlif növlərinin həyətlərdə əkilməsində və onlara qulluq edilməsində yaxından iştirak edirik. Hazırda bir neçə gündən sonra məhsul yığımına fərdi qaydada başlanacaq. Bundan başqa həyətyanı sahələrin yaxşı inkişaf etdirilməsi üçün meyvə ağaclarının da əkilməsini təmin edirik. Noyabr ayının birinci ongünlüyündə bu işlərə başlanacaq ki, gələcəkdə yaxşı məhsuldarlıq əldə edilsin. Kənd camaatı qurub-yaratmağa çox həvəslidir. Hamı yüksək əhval-ruhiyyədədir.»
Göründüyü kimi, bir çox sahələrdə böyük potensiala malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin tamamlanması qarşıya qoyulmuş əsas məqsədlərdəndir. Qarabağda, eləcə də işğaldan azad olunmuş digər rayonlarda işlərin sürətlənməsi, soydaşlarımızın həmin ərazilərə qayıtması, ata-baba torpaqlarında təhlükəsiz yaşamalarının təmin olunması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetləri sırasındadır. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda qlobal layihələr həyata keçirilir. Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində beynəlxalq tədbirlərin, simpoziumların, parlamentin komitə iclaslarının keçirilməsi dünyaya Azərbaycanın iqtisadi qüdrətini göstərir. 30 il ərzində bütün infrastruktur obyektləri dağıdılmış, erməni vandalizminə məruz qalmış yurd yerlərimizdə artıq mötəbər tədbirlərin keçirilməsi üçün şərait var. İstər Şərqi Zəngəzurda, istərsə də Qarabağ iqtisadi rayonunda böyük turizm potensialı var. Təbiəti, təbii resursları, həm də müalicəvi suların olması orada turizmin inkişafını şərtləndirir. Bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib. Layihədə bildirilib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. Qeyd olunub ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.
Günel Cəlilova, “İki sahil”
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO