Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkəti 731 milyon 220 min manat məbləğində sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz və ya 75 milyon 599,6 min manat çoxdur. Bu dövrdə sığorta ödənişlərinin məbləği isə 14,7 faiz azalaraq 318 milyon 615 min manat təşkil edib. Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqının 43,6 manatı ödəniş edilib. Hərçənd ki, ötən ilin müvafiq dövründə bu göstərici 57 manat olmuşdu.
Bu ilin 9 ayı ərzində yığılmış sığorta haqlarının 24,3 faizi icbari sığorta növlərinin payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz azdır. Könüllü sığorta növlərində yığım isə 23,6 faiz artaraq ümumi sığorta haqlarının 75,7 faizinə bərabər olub. Könüllü sığorta növlərinin 53,2 faizini bir sığorta növü - həyatın yaşam sığortası təşkil edib. Ümumilikdə götürdükdə, sığorta bazarının 40,3 faizi bu sığorta növündən ibarətdir. Ötən ilin bu dövründə bu rəqəm 31,6 faiz olmuşdu. Başqa sözlə, sektorda bir məhsuldan asılılıq artmaqda davam edir. Bu sığorta növü üzrə yığımlar son bir ildə 40,1 faiz və ya 87 milyon 277,9 min manat artmaqla ümumi artımı geridə qoyub. Bu da o deməkdir ki, həyatın yaşam sığortası bu ilin 9 ayında sığorta bazarının böyüməsində həlledici rol oynamaqla digər növlər üzrə azalmanı da kompensasiya edib.
Sığorta ödənişlərindəki azalmada isə həm könüllü, həm də icbari sığorta növlərinin payı var. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta növləri üzrə ödənişlər 12,1 faiz, icbari sığorta növləri üzrə ödənişlər isə 22,5 faiz azalıb. Ödənişlərin 77,5 faizi könüllü sığorta növlərini o cümlədən 54,6 faizi həyatın yaşam sığortası növünü əhatə edib. Başqa sözlə, hesabat dövründə həyatın yaşam sığortası ödənişlərdə də aparıcı mövqe tutub.
Sığorta yığımlarında üstünlük az sayda şirkətdə aiddir. Söhbət ondan gedir ki, 9 ayda toplanmış sığorta haqlarının 42,6 faizi 1 şirkətin, 66,1 faizi 2 şirkətin payına düşüb. Ən az sığorta haqqı toplamış 5 şirkət ümumi yığımların 2,4 faizini təşkil edib. 13 sığorta şirkətinin ümumi yığımlarda cəmi payı 31,5 faizə bərabər olub. Şirkətlərdən 6-sı istisna olmaqla digərlərinin yığımlarında artım olub. Sentyabr ayında yığımı azalan şirkətlərin sayı 4-dən 7-yə yüksəlib.
Qeyri-bərabərlik sığorta ödənişlərində də davam edir. Bu dövrdə sığorta ödənişlərinin 50 faizi bir sığorta şirkətinin, 66,8 faizi iki sığorta şirkətinin payına düşüb. 13 sığorta şirkətinin ümumi ödənişlərdə payı isə 32,75 faiz olub. Yerdə qalan 5 sığorta şirkətinin cəmi sığorta ödənişləri ümumi ödənişlərin 0,45 faizini təşkil edib. Yeddi şirkətin sığorta ödənişləri azalıb.
Toplanmış sığorta haqlarının 50,5 faizi, ödənişlərinin 56,05 faizi həyat sığorta şirkətlərinin payına düşüb. 20 şirkətdən 5-i həyat sığorta şirkətidir.
Ceyhun Piriyev, “İki sahil”
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO