Ölkə iqtisadiyyatına investisiya qoyuluşları artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 154,4 milyon manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyalar 13,5 faiz azalsa da qeyri neft-qaz sektoruna yönəldilən vəsait 18,1 faiz artıb.
İnvestisiyaların əsas hissəsi qeyri neft-qaz sektoruna qoyulub. Yanvar-sentyabr aylarında sərmayələrin cəmi 35,5 faizi və ya 3 milyard 603,3 milyon manatı neft-qaz sektoruna yönəldilib. Qeyri neft-qaz sektoruna sərf edilmiş 6 milyard 551,1 milyon manatlıq vəsaitin isə 897,7 milyon manatı (ümumi sərmayənin 8,8 faizi) qeyri neft-qaz sənayesində istifadə edilib.
Bu dövrdə ümumi sərmayənin 5 milyard 993,9 milyon manatı və ya 59 faizi məhsul istehsalı sahələrinin, 3 milyard 500,4 milyon manatı (34,5 faizi) xidmət sahələrinin, 660,1 milyon manatı (6,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Özəl sektor sərmayə qoyuluşunda daha fəaldır. Belə ki, ümumi sərmayələrin 46,7 faizi dövlət, 53,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 72,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Həmçinin investisiyalarda yerli vəsaitlər üstünlük təşkil etməkdə davam edir. Cari ilin 9 ayında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 75,5 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 5 milyard 271,4 milyon manat, büdcə vəsaitləri 3 milyard 325 milyon manat, əhalinin şəxsi vəsaitləri 815,3 milyon manat, sair vəsaitlər 433,6 milyon manat, bank kreditləri 309,1 milyon manat təşkil edib.
Sərmayələrin qoyulduğu sahələrə gəlincə, burada əsas yeri sənaye tutmaqdadır. 2022-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 44,3 faizi sənaye, 26,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,7 faizi tikinti, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,7 faizi informasiya və rabitə, 1,1 faizi təhsil, 0,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.
Bu ilin yanvar-sentyabr aylarında iqtisadiyyata qoyulmuş investisiyaların 24,5 faizi və ya 2 milyard 487,8 milyon manatı xarici sərmayədarlara məxsus olub. Xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 335,7 milyon manatı və ya 93,8 faizi 10 ölkənin (Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa) payına düşüb.
Ceyhun Piriyev, “İki sahil”
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO