Azərbaycanın qarşıdakı illərdə qaz satışından indiki qiymətlər fonunda kifayət qədər gəlir əldə edəcəyi proqnozlaşdırılır. Ekspertlərin fikrincə, təbii qaz qiymətlərinin qarşıdakı illərdə də aşağı olmayacağı birmənalıdır. Gəlirlərin konkret məbləği isə dünya bazarında qazın qiymətindən asılı olacaq.
Beynəlxalq Enerji Agentliyinin Azərbaycanın qaz hasilatı ilə bağlı uzunmüddətli proqnozuna görə, 2030-cu ildə Azərbaycanın qaz hasilatı 35 milyard kubmetrə çatacaq. Hasil edilən qazın əsas etibarilə Avropaya nəqli gözlənilir. Belə bir vaxtda Dünya Bankı 2024-cü ilədək Avropada təbii qazın qiymətinin əvvəlki beş ilin orta göstəricisi ilə müqayisədə dörd dəfə artacağını proqnozlaşdırır. Qurumun açıqlamasında ABŞ-da təbii qazın qiymətinin son beş ilin orta göstəricisi ilə müqayisədə iki dəfə artacağının proqnozlaşdırıldığı qeyd olunub.
Azərbaycan qazının bundan sonra da Avropada istənilən həcmdə istehlakı üçün hər cür şərait var. Məsələ burasındadır ki, Rusiyanın Avropaya təbii qaz tədarükünü məhdudlaşdırdığı bir zaman Avropa İttifaqı alternativ mənbələr axtarmağa çalışır. Sirr deyil ki, Avropa İttifaqı boşluğu doldurmaq üçün Azərbaycan kimi qaz təminatçılarını axtarır. Türkiyə də bu qış Avropada işıqların və sobaların işləməsində mühüm rol oynamağa hazırlaşır. Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon Der Lyayenin iyul ayında Azərbaycanın paytaxtı Bakıya səfəri zamanı bəyan etdiyi kimi, enerji baxımından zəngin Azərbaycan bu çatışmazlığı aradan qaldırmağa yardım edə biləcək ölkələrdən biridir: “Buna görə də Avropa İttifaqı Rusiyadan uzaqlaşmaq və daha etibarlı tərəfdaşlara üz tutmaq qərarına gəlib. Mən sevinirəm ki, onların sırasında Azərbaycan da var”.
Bakı artıq Avropaya tədarükünü artırıb. Qaz Türkiyədən Yunanıstana, oradan da Avropanın boru kəmərləri şəbəkəsi ilə birləşən TAP kəməri ilə çatdırılır. Artıq Türkiyənin tranzit ölkə kimi əhəmiyyəti də artmaqda davam edir. Bu arada Türkmənistan da böyük qaz ehtiyatları ilə Avropaya potensial əhəmiyyətli qaz təchizatçısı kimi çıxış edə bilər. Həmin qaz Azərbaycan və Türkiyənin TANAP, TAP kəmərləri ilə Qərbə nəql edilə bilər. SOCAR-ın prezidenti Rövşən Nəcəf 27-ci "Türkmənistanın nefti və qazı - 2022" beynəlxalq sərgi və konfransında iştirakı fonunda qeyd edir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu Azərbaycan və Türkmənistan üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq üçün yeni imkanlar açır. O, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, Cənub Qaz Dəhlizinin ölkəmizlə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib. Cənub Qaz Dəhlizi vasitəsilə türkmən qazının Azərbaycan üzərindən Avropaya çıxarılması isə indi Aşqabad, Bakı, Ankaranın xüsusi maraq dairəsində yer alır.
Enerji eksperti və Türkiyənin Qətərdəki keçmiş səfiri Mithat Rendenin dediyinə görə Ankara boru kəmərlərini artırmaq üçün layihələri nəzərdən keçirir: “Layihələrdən biri TANAP-ın Cənub Qaz Dəhlizinin imkanlarının artırılması ola bilər ki, bu, iki ildən az müddətdə reallaşa bilər. İkinci layihə türkmən qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılmasıdır. İraq qazının gətirilməsi digər layihə ola bilər və orada təxminən 200 kilometr boru kəməri çəkilməlidir”.
Tədarük dəyişikliyinə uyğunlaşmaq üçün artıq Avropa qaz kəməri infrastrukturunu yenidən qurur. Yunanıstan və Bolqarıstan arasında boru kəmərinin açılışı bunun təsdiqidir. Yunanıstan-Bolqarıstan boru kəməri Türkiyə ərazisindən nəql olunan Azərbaycan qazı ilə təmin edilir. Ekspertlər hesab edir ki, Avropa Rusiya qazından asılılıqdan qurtulduqca, ən azı ortamüddətli perspektivdə enerji baxımından tranzit ölkə kimi Türkiyədən daha çox asılı olacaq. Bu arada o da bəlli olub ki, İsrail qazı da Azərbaycanın əsas səhmdarı olduğu Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırıla bilər. Yəhudi dövlətinin baş naziri Yair Lapid bu xüsusda qeyd edir ki, İsrail Livanla dəniz sərhədinin demarkasiyasına dair sazişin bağlanması sayəsində indi Aralıq dənizində qaz hasilatını inkişaf etdirə, Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilə bilər. Onun sözlərinə görə, tarixi razılaşma İsrailin təhlükəsizliyini və iqtisadiyyatını gücləndirəcək və regiona sabitlik gətirəcək: “İsrail “Kariş” yatağından qaz hasil etməyə başlayıb və biz dünyanın böyük ehtiyac içində olduğu bir vaxtda Avropanın əsas təbii qaz tədarükçüsü olacağıq”.
Sevinc Azadi, “Sevinc Azadi”
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO