02 noyabr 2022 23:20
369

Bakı şəhərində orta aylıq əməkhaqqı 1068,7 manat olub

Bakı şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  56,1 milyard manat təşkil edib. Sənaye məhsulunun 85,6 faizi mədənçıxarma, 12,5  faizi emal, 1,4  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun  payı 90,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 96,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 3,5 faiz təşkil edib.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  1 oktyabr  2022-ci il vəziyyətinə 476,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63,9 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

2022-ci ilin yanvar-sentyabr aylarında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 71,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,2 faizini əsaslı təmir, 6  faizini cari təmir,  13 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.     

Bu dövrdə şəhərin ticarət dövriyyəsinin həcmi  2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,6 faiz artaraq 20 milyard 274,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artaraq 12 milyard 328,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz azalaraq 7 milyard 946,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Cari ilin 9 ayında Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi  2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 54,1 faiz artaraq 707,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 431,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60,9 faizini təşkil edib.

Yanvar-sentyabr aylarında, eyni zamanda, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 faiz artaraq 3 milyard 792,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 669,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,8 faizini təşkil edib .

Bundan başqa, paytaxtda yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 1068,7 manat olub.     

Bakı Şəhər Statistika İdarəsi