Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 2,2 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
“İki sahil” BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadla xəbər verir ki, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 8 mln. kubmetr qaz verilib.
"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub", - hesabatda deyilir.
Qeyd edək ki, AÇG-də hasil edilən qazın bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (orerator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inrex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO