04 noyabr 2022 01:56
463

Avtomobillərin icbari sığortası: Zərəri kim və necə ödəyəcək?

Məlum olduğu kimi, oktyabr ayının 1-dən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılıb. Zərərlə bağlı ödənişlərin birbaşa tənzimlənməsi isə  bu aydan etibarən həyata keçirilir.

Əvvəllər AVSMMİS haqqı mühərrikin həcminə və Bonus-Malus sisteminə əsasən hesablanırdısa, indi baza sığorta haqqı (50 AZN)saxlanılmaqla qiymətə müxtəlif faktorlara görə əmsallar da əlavə edilir. Buraya nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə əmsallardan başqa, sürücünün yaşı və sürücülük təcrübəsi, avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə, avtonəqliyyat vasitəsinin istismar müddətinə, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsallar aiddir. Avtonəqliyyat vasitəsinin sahibi və ya mülkiyyətçisi hüquqi şəxs olduqda  buraya daha bir əmsal göstəricisi əlavə olunur.  

Sürücünün yaşı və sürücülük təcrübəsinə görə əmsallar 1-1,35 arasında dəyişir. Ən yüksək əmsal 16-25 və 65 yaşdan yuxarı yaş qrupuna aid olub 2 ilədək, 26-29 yaş qrupuna aid olub 1 ilədək sürücülük təcrübəsinə malik olanlara və 30-65 yaş qrupuna aid olub təcrübəsizlərə tətbiq olunur. Ən aşağı əmsal isə 26-65 yaş qrupuna aid olub 10 il sürücülük təcrübəsinə malik olanlara şamil edilir.    

Həmçinin avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsallar  0,95-1,1 arasındadır. Bakı şəhəri üzrə bu əmsal 1,1, Sumqayıt şəhəri və Abşeron rayonunda 1,05, Naxçıvan Muxtar Respublikası və Gəncə şəhərində 1, digər şəhər və rayonlarda isə 0,95 təşkil edir.     

Avtonəqliyyat vasitəsinin istismar müddətinə görə 1-1,1 arasında əmsal hesablanacaq. Belə ki, 1-10 il arasında istismarda olan avtonəqliyyat vasitələri üçün 1, 11-20 il üçün 1,05, 20 ildən çox müddətdə istismar edilənlərə görə 1,1 əmsal tətbiq edilir.

Avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə tətbiq olunan əmsallar isə 1-1,15 arasında dəyişir.  Avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda  1, iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda əmsal 1,15-ə yüksəlir.

Avtonəqliyyat vasitəsinin sahibi və (və ya) mülkiyyətçisi hüquqi şəxs olduqda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasına 1,40 əmsal tətbiq edilir.

Bir illik sığorta haqqı belə hesablanır: bir illik sığorta haqqı məbləği x avtonəqliyyat vasitəsinin növünə (mühərrikinin həcminə) görə əmsal x sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal x avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal x avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal x  avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal x (Hüquqi şəxslər üçün avtonəqliyyat vasitəsi sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal x)  Bonus-Malus əmsalı.

Zərərin ödənilməsinə gəlincə, artıq hadisə baş verən zaman sığortalı şəxs ona zərər vuran şəxsin sığorta şirkətinə deyil,  özünün müştərisi olduğu şirkətə müraciət etməlidir. Belə ki, zərəri yalnız sığortalayan şirkətdən almaq mümkündür. Sağlamlığa dəyən zərərlə əlaqədar bir hadisə varsa, bu halda yenə zərərvuran nəqliyyat vasitəsinin sığortalı olduğu şirkət ödənişi həyata keçirəcək.

Ancaq burada istisna da var. Belə ki, hadisədə ikidən artıq nəqliyyat vasitəsi iştirak edibsə, bu halda zərər köhnə qaydaya uyğun ödəniləcək.

Qiymətləndirməyə gəlincə, bu, hadisə ilə bağlı araşdırma aparıldıqdan, təmir məsələləri üçün müraciət edildikdən sonra Mərkəzi Bankın reyestrinə daxil olan müstəqil ekspertlər tərəfindən aparılır. Sığorta hadisəsinin, zərərin təsbit edilməsi və zərər vuran şəxsin müəyyənləşdirilməsi isə Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.

Ceyhun Piriyev, “İki sahil”