Tarixən Naxçıvanın ərazisində müxtəlif dövrlərdə mükəmməl dövlət idarəçiliyi formaları yaranıb. Buna misal olaraq Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edən Naxçıvan xanlığını göstərmək olar. Olduqca gərgin bir dövrdə yaranan Naxçıvan xanlığı Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini verib, xalqımıza məxsus tarixi ərazini, dili və milli mədəniyyəti qorumağı bacarıb.
“İki sahil” xəbər verir ki, Naxçıvan Dövlət Bayrağı Muzeyinin ekspozisiya zalında “Naxçıvan xanlığının bayraqları” mövzusunda keçirilən tədbirdə bu fikirlər vurğulanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən mərkəzin elmi katibi Nihad Tarverdiyev Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim sivilizasiyanın mərkəzi olan Naxçıvanın çətin, mürəkkəb və eyni zamanda şərəfli inkişaf və tərəqqi yolu keçdiyini qeyd edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycanın bu qədim və zəngin diyarını hərtərəfli şəkildə öyrənmək üçün imzaladığı sərəncamlar, burada yaradılan şərait, aparılan məqsədyönlü iş çoxəsrlik Naxçıvan tarixinin ayrı-ayrı dövrlərinin, qüdrətli şəxsiyyətlərin, həmçinin xanlıqlar dövrünün elmi əsaslarla tədqiq edilməsinə zəmin yaradır. Bütün bu əhəmiyyətli işlərlə yanaşı, son illərdə Naxçıvan xanlığının dövlət bayrağının müəyyən edilməsi və üzə çıxarılması sahəsində də axtarışların aparılması zərurəti meydana çıxıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin elmi işçisi Nilufər Ağayeva diqqətə çatdırıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının tədqiqi və təbliğinin gücləndirilməsi haqqında” Sərəncamında dövlətçilik atributlarının və tarixi ənənələrin dərindən araşdırılması və öyrənilməsi vəzifəsi qarşıya qoyulub. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq Naxçıvan xanlığına aid iki bayraq müəyyən edilib və üzə çıxarılıb. Naxçıvan xanlığının bayraqları üzərindəki təsvirlər xanlığın hərbi-siyasi mövqeyini, strategiyasını tam şəkildə ifadə edir. Bu bayraqlar Naxçıvan xanlığının tarixini öyrənmək, xanlığın hərbi-siyasi hədəflərini, ideologiyasını müəyyən etmək baxımından da əhəmiyyətlidir. Bütövlükdə isə yeni tapılmış bayraqlar Azərbaycanda milli dövlətçilik ənənələrinin öyrənilməsi üçün də zəngin mənbədir.
Sonda Naxçıvan Dövlət Bayrağı Muzeyinin baş fond mühafizi Asudə Məhərrəmlinin çıxışı dinlənili və muzey ekspozisiyasına baxış olub.