21 noyabr 2022 01:32
361

Təyyarədə dialoq

Sandu ilə Makron Moldovanın Avropaya inteqrasiya prosesinə dəstək məsələsini müzakirə ediblər

Moldova prezidenti Maia Sandu ilə fransalı həmkarı Emmanuel Makron ilə enerji böhranı yaşayan ölkəsinin Avropaya inteqrasiya prosesinə dəstək məsələsini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü Moldova baş nazirinin müavini, xarici işlər naziri Niku Popesku feysbukda məlumat yayıb.

“Makron və Sandu ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atdığımız addımlardan, Avropaya inteqrasiya prosesinin bir hissəsi kimi başlanmış islahatların irəliləməsi üçün rəsmi yardımdan danışıblar”, - deyə Popesku bildirib.

XİN rəsmisinin sözlərinə görə, Moldovanın yaxşı dostları var, onlarla birlikdə ölkə Ukraynadakı müharibənin iqtisadiyyat və enerji sektoru üçün yaratdığı dramatik məqamları dəf edə biləcək: “Biz birlikdə Moldovanı Avropa Birliyinə gətirəcəyik”.

Görüş Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammitindən sonra Tunisdən iki ölkənin nümayəndə heyətlərinin Parisə uçduğu təyyarənin göyərtəsində baş tutub. Tərəflər, həmçinin noyabrın 21-də Parisdə keçirilməsi planlaşdırılan Moldova Respublikasına Dəstək Platformasının üçüncü iclasına son hazırlıqları müzakirə ediblər. Tədbirdə Fransa, Almaniya və Rumıniyanın xarici işlər nazirlərinin iştirak edəcəyi gözlənilir.