10 avqust 2026 15:51
206

Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi əsas hədəflərdəndir - TƏHLİL

Dövlət başçısı İlham Əliyevin  birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun uğurlu nəticələrini və formalaşmış əməkdaşlıq əlaqələrini nəzərə alaraq, habelə Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi məqsədilə imzaladığı “Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam bu çağırışları özündə ehtiva edir

Azərbaycan əlverişli coğrafi mövqeyi, sabit makroiqtisadi mühiti, malik olduğu təbii resurslardan səmərəli istifadə nəticəsində ölkələr, xalqlar arasında körpü rolunu günbəgün möhkəmləndirməsi, iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi sayəsində investisiya cəlbediciliyini qoruyub saxlayır. Hazırda ölkədə reallaşdırılan irimiqyaslı yaşıl enerji, infrastruktur və regional layihələr xarici investorların marağını daha da  artırır. Prezident İlham Əliyevin çağırışlarında bu məqam xüsusi vurğulanır ki, qeyri-neft sektoru və əldə olunan iqtisadi artımlar ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə,  bütün bu amillər  iqtisadi inkişafımızı təmin edəcək.

Son 20 ildə  ölkə iqtisadiyyatına 350 milyard dollar investisiya yatırılıb

2003-cü ildən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önundədir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son 20 ildə  ölkə iqtisadiyyatına 350 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dollar  qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini sabitliyi, əlverişli biznes mühitinin yaradılması ilə qoruyur. Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycanda böyük sahibkarlar sinfi formalaşıb. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi nüfuz qazanır. Bu, təbii ki, ölkəmizin islahatlar prosesini dövrün və zamanın tələblərinə uyğun dərinləşdirməsinə, yeniliklərin tətbiqinə əsaslanır. Yeni texnologiyaların tətbiqi şəraitində işin keyfiyyətini və səmərəliliyini artırmaq mümkündür və bu, son illərin uğurlu nəticələrində özünün aydın ifadəsini tapır.

Bu forumlar ölkənin iqtisadi imkanlarını beynəlxalq biznes ictimaiyyətinə birbaşa təqdim edir…

Azərbaycanda davamlı beynəlxalq investisiya forumlarının təşkili ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını gücləndirir, qeyri-neft sektorunun inkişafına təkan verir və xarici sərmayələrin cəlb olunması üçün etibarlı dövlət-özəl tərəfdaşlıq platforması yaradır. Bu forumlar ölkənin iqtisadi imkanlarını beynəlxalq biznes ictimaiyyətinə birbaşa təqdim edir, sənaye, yaşıl enerji, nəqliyyat və logistika kimi sahələrə xarici kapitalın yönləndirilməsini asanlaşdırır, xarici investorlara qlobal maliyyə institutları ilə uzunmüddətli əlaqələr qurmağa geniş  imkanlar yaradır. Forumların hər il sistemli keçirilməsini təmin etmək məqsədilə xüsusi Təşkilat Komitəsi yaradılır. Hər il üçün Tədbirlər Planı hazırlanır. 2025-ci ildə baş tutan ilk uğurlu tədbirdən sonra, ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun 2026-cı il sentyabrın 25-26 tarixlərində keçirilməsi nəzərdə tutulub.  Gözləntilərə gəldikdə, biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi tələb olunur. Azərbaycanın Mərkəzi Asiya və digər regionlarla güclənən nəqliyyat-logistika imkanları yeni investisiya layihələrinin cəlbediciliyini artırır.

   Qeyd etdiyimiz kimi, ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 2025-ci ilin sentyabr ayında keçirildi.  Forum Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirilir. Forumun mütəmadi keçirilməsi xarici investisiyaların cəlb edilməsinə, yeni layihələrin təşviqinə, qeyri-neft sektorunun inkişafına və Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsinə xidmət edəcək. Dövlət başçısı İlham Əliyev ötən il Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına məktubunda Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə etmişdir. Bu mühüm məqamlar qeyd edilmişdir ki, müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır. Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır.  Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.

Güclü və fundamental baza üzərində qurulan iqtisadiyyat

Reallıq budur ki, Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub.  Ümummilli Lider Heydər Əliyevin  böyük səyləri nəticəsində  imzalanmış “Əsrin müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə yazılıb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaranıb. Regional inkişafa böyük töhfələr verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi  reallığa çevvrildi. Həmçinin 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş kimi  möhkəmlənən mövqeyinin təqdimatıdır. Azərbaycanda ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələrdə, çıxışlarda Azərbaycanın enerji siyasətinin uğurları təqdir edilir və hər dəfə bu əminlik ifadə olunur ki, növbəti ildə daha böyük enerji uğurlarından bəhs edəcəyik. Təbii ki, bütün bunlar  möhkəm təmələ, düşünülmüş siyasətə söykənir. Ümummilli Lider Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük önəm verməsi bugünkü uğurlarımıza böyük imkanlar yaratdı. Azərbaycan həm regional inkişafın aparıcı qüvvəsiu, həm də dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirir, regional inkişafa davamlı töhfələr verir, gündəmə gətirdiyi hər bir layihənin uğurlu sonluqla başa çatmasına nail olur. Məhz bu baxımdan Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır, nüfuz qazanır. Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir. Tərəfdaşlar   Azərbaycanın təqdim etdiyi üstünlüklərdən faydalanmaqla ölkəmizin dayanıqlı inkişafına, texnoloji tərəqqisinə və bütövlükdə regionun firavanlığına mühüm töhfələr verə bilərlər. Ümumilikdə enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur. Ölkəmizdə qanunun aliliyinin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.

Sərmayə cəlbi üçün geniş imkanlar yaranır

Azərbaycan Beynəlxalq İnvestisiya Forumları  əməkdaşlıq və sərmayə cəlbi üçün geniş imkanlar yaradır. Əsas  məqsəd innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Azərbaycan dövləti xarici iş adamlarını, tərəfdaşları ölkəmizə   kapital, texnologiya və ideyalar gətirməyə dəvət edir.

Qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev 7 avqust 2026-cı il tarixdə Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılması haqqında Sərəncam imzaladı. Bu Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun uğurlu nəticələrini və formalaşmış əməkdaşlıq əlaqələrini nəzərə alaraq Forumunun mütəmadi əsasda təşkili məqsədilə  Təşkilat Komitəsinin yaradılmasına qərar verilib. Təşkilat Komitəsinə sentyabrın 25-26 tarixlərində keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin etməsi, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi ilə bağlı hər il Tədbirlər Planını hazırlayaraq icrasını əlaqələndirməsi, Forumun təşkili və keçirilməsi ilə bağlı digər zəruri məsələləri həll etmək tapşırılıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Təhlil bu qənaətə əsas verir ki, Azərbaycanın hər bir sahədə malik olduğu imkanlar, zəngin təcrübə müxtəlif mövzularda beynəlxalq tədbirlərə ev sahibliyini şərtləndirir. Bu baxımdan Azərbaycan Beynəlxalq İnvestisiya Forumları  Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətliliklə bağlı  dəyərli biliklər əldə etməklə yanaşı, yüksəksəviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanırlar.

Yeganə Əliyeva, “İki sahil”