12 oktyabr 2026 17:00
150

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Hər bir dövlətin gələcəyi yetişən nəslin bilik səviyyəsi, dünyagörüşü, mənəvi dəyərlərə münasibəti və vətəndaşlıq mövqeyi ilə sıx bağlıdır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində ideoloji təhlükəsizlik məsələsini vurğulaması bu reallığın siyasi və ictimai əhəmiyyətini bir daha önə çıxarır. Müasir dünyada dövlətlərin qarşılaşdığı çağırışlar təkcə iqtisadi və hərbi sahələrlə məhdudlaşmır. İnformasiya məkanında təsir imkanlarının genişlənməsi, saxta məlumatların yayılması cəmiyyətin düşüncəsinə təsir göstərmək üçün yeni vasitələr yaradır. Belə şəraitdə gənclərin milli dəyərlərə bağlı, eyni zamanda müstəqil düşünən və məlumatları tənqidi qiymətləndirə bilən insanlar kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın dövlətçilik modeli milli-mənəvi irsə bağlılıqla dünyəvilik prinsipinin uzlaşdırılmasına əsaslanır. Ölkəmizin tarixən formalaşmış tolerantlıq ənənələri, müxtəlif mədəniyyətlərə və dini inanclara hörmət mühiti bu modelin mühüm xüsusiyyətlərindəndir. Milli dəyərlərin qorunması cəmiyyətin mənəvi dayaqlarını möhkəmləndirdiyi kimi, dünyəvi dövlətçilik də bütün vətəndaşların qanun qarşısında bərabərliyini və dövlət institutlarının hüquqi əsaslarla fəaliyyətini təmin edir. Bu prinsipləri bir-birinə zidd mövqelər kimi təqdim etmək düzgün deyil. Əksinə, onların uzlaşdırılması sabit və sağlam ictimai münasibətlərin formalaşmasına xidmət edir. Bu yanaşmanın ən mühüm tətbiq sahələrindən biri təhsildir.

Məktəb uşaqların yalnız fənlər üzrə bilik qazandığı yer deyil. Şagird burada kollektivdə davranmağı, başqalarının hüquqlarına hörmət etməyi, məsuliyyət daşımağı və müəyyən olunmuş qaydalara əməl etməyi öyrənir. Məktəbdə yaradılan mühit şagirdlərin gələcəkdə yeni statusda cəmiyyətə inteqrasiyasına, fərqli düşüncələrə münasibətinə və vətəndaşlıq mövqeyinə təsir göstərir. Buna görə də təhsil müəssisələrində nizam-intizamın qorunması, bərabər münasibətin təmin edilməsi və sağlam mənəvi mühitin yaradılması vacibdir.

Şagirdlərin vahid məktəbli geyimi ilə bağlı tələblər də bu ümumi yanaşmanın tərkib hissəsidir. Geyim qaydalarının məqsədi yalnız xarici görünüşü nizamlamaqdan ibarət deyil. Vahid forma şagirdlər arasında məktəb kollektivinə aidlik hissini gücləndirməyə və tədris mühitində ümumi qaydaların formalaşmasına kömək edir. Eyni zamanda, belə tələblər bütün şagirdlərə əvvəlcədən bəlli olan, aydın və hamı üçün eyni şəkildə tətbiq edilən normalar əsasında həyata keçirilməlidir.

2026-cı ildə ümumi təhsil sahəsində qanunvericiliyə edilən dəyişikliklər millilik və dünyəvilik prinsiplərini, eləcə də təhsilalanların və təhsilverənlərin geyim tələblərinə riayət etməsi məsələsini hüquqi çərçivədə müəyyənləşdirib. Nazirlər Kabinetinin 21 sentyabr tarixli qərarı şagirdlərin geyim formalarına, oktyabrın 6-da qəbul edilmiş qərar isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələbləri tənzimləyir. Müəllimlər üçün nəzərdə tutulan səliqəli, sadə və işgüzar geyim yanaşması məktəbdə peşəkar mühitin formalaşdırılmasına xidmət edir. Qanunvericilikdə milli geyimlərdən və onların elementlərindən mədəni tədbirlərdə istifadə imkanının nəzərdə tutulması isə milli irsin təbliği ilə bağlılığın qorunduğunun göstəricisidir. Bu məsələlərin ictimai müzakirəsi zamanı hüquqi normaların mahiyyətinin düzgün izah edilməsi xüsusi əhəmiyyət daşıyır. Təhsil qaydalarını emosional qarşıdurma predmetinə çevirmək, məsələni yalnız dini və ya ideoloji müstəvidə təqdim etmək cəmiyyətdə anlaşılmazlıqları artıra bilər. Əsas diqqət qanunvericiliyin tələblərinə, uşaqların hüquqlarına, təhsilin keyfiyyətinə və məktəbin üzərinə düşən vəzifələrə yönəldilməlidir.

Gənc nəslin milli dəyərlərə bağlı yetişməsi ailə, məktəb və cəmiyyət arasında əməkdaşlıqdan da asılıdır. Valideynlərin uşaqların tərbiyəsində məsuliyyətli iştirakı, müəllimlərin peşəkar fəaliyyəti, məktəbdə hüquqi və mənəvi maarifləndirmənin gücləndirilməsi bu prosesin səmərəsini artırır.

Nəticə etibarilə, təhsil sahəsində vahid qaydaların tətbiqi, milli-mənəvi irsin qorunması və dünyəvilik prinsipinə hörmət yeganə məqsədə - sağlam düşüncəli, savadlı, məsuliyyətli və vətənpərvər nəslin yetişdirilməsinə xidmət etməlidir. Dövlətçilik ənənələrinin davamlılığı da məhz bu dəyərlərin gündəlik həyatda, təhsil prosesində və ictimai münasibətlərdə möhkəmlənməsi ilə təmin olunur. Milli kimliyə bağlılıq, hüquqa hörmət və ictimai həmrəylik Azərbaycanın gələcək inkişafı üçün etibarlı mənəvi dayaqlardır.

Nurlan Həsənov,
Milli Məclisin deputatı