Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilən ağacəkmə aksiyalarında Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında 30 min ağac əkilib.
“İki sahil” AZƏRTAC-ın Naxçıvan bürosuna istinadla xəbər verir ki, ölkəmizin əsas siyasi-ideoloji qüvvəsi olan Yeni Azərbaycan Partiyasının təməl ideyasını qurub yaratmaq, davamlı inkişaf etdirmək kimi gələcəyə hesablanmış prioritetlər təşkil edir. Ümummilli liderimiz Heydər Əliyevin quruculuq və yaşıllaşdırma siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün muxtar respublikanın yaşayış məntəqələri müasir və abad görkəm alıb, başdan-başa yaşıllıqlarla əhatə olunub.
Bu nəcib əməlləri hər il davam etdirən muxtar respublika sakinləri mövsümün ilk ağacəkmə aksiyasında fəal iştirak ediblər. “Yeni Azərbaycan Partiyasının 30 illiyinə 30 min ağac” şüarı ilə keçirilən aksiyaya qoşulan kollektivlər Naxçıvan şəhərindəki bütün yaşıllıqların qayğısına qalıblar. Gün ərzində davam edən aksiyada meyvə bağlarında, park və xiyabanlarda, magistral yol kənarlarında və digər ərazilərdə müxtəlif növ minlərlə ağac əkilib.
Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının əməkdaşları da partiyanın yaradılmasının 30 illiyi ilə əlaqədar yaşıllaşdırma aksiyası təşkil edib. Aksiya iştirakçıları Danyeri kəndində 3,5 hektar sahəni əkin üçün yararlı hala salıb. Burada torpaq-hamarlama işləri görülüb, şırımlar açılıb, çalalar qazılıb, ting tədarük edilib. Əraziyə 1250 badam və 150 ərik tingi əkilib. Aksiya iştirakçıları Vərməziyar kəndi ərazisində də yeni meyvə bağı salıblar. Əraziyə əkilən 250 alma tinginə qulluq göstərilib, suvarma işləri həyata keçirilib. Qədim əkinçilik diyarında keçirilən ağacəkmə aksiyasında, ümumilikdə, 1650 ting əkilib, 4 hektarda yeni bağ salınıb. Rayonun ayrı-ayrı kənd mərkəzlərində, park və xiyabanlarda da təmizlik işləri görülüb, səliqə-sahman yaradılıb. Aksiyada 4250 nəfər iştirak edib.
Yeni Azərbaycan Partiyasının üzvləri Babək rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin iştirakı ilə Araz kəndinə gedən yolun ətrafındakı bələdiyyə torpaqlarını əhatə edən 1,5 hektardan artıq ərazidə yeni tinglər əkiblər. Ağacəkmə aksiyası zamanı ərazidə, ümumilikdə, mindən artıq badam tingi əkilib və suvarılıb.
Ordubad rayonunda Aza-Düylün magistral yolunun kənarında da yeni meyvə bağı salınıb, 1 hektar ərazidə ting əkilib. Vənənd və Dırnıs bələdiyyələrinin təşəbbüsü ilə bələdiyyələrə məxsus müvafiq ərazilərdə də yeni meyvə bağı salınıb, 1 hektardan artıq ərazidə 580 meyvə tingi əkilib. Aksiya iştirakçıları Kələki kəndində aparılan kompleks quruculuq işlərinə yeni yaşıl naxışlar əlavə ediblər. İnşası davam etdirilən məktəb, kənd mərkəzi və xidmət mərkəzi binalarının ətrafında abadlıq-yaşıllaşdırma işləri görülüb, yüzlərlə gül kolu, həmişəyaşıl və meyvə ağacları əkilib.
Son illər Culfa rayonunda həyata keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində hektarlarla sahədə yeni meyvə bağları salınıb, rayon əhalisinin səyi nəticəsində bölgə gündən-günə gözəlləşib. Yaşıllaşdırma və abadlıq tədbirlərində fəal iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ümumilikdə, 8 hektara yaxın ərazidə meyvə ağacı əkib. Aksiya iştirakçıları Darıdağ müalicə və istirahət kompleksinin ətrafında yeni bağ salıblar. Bundan başqa, bərpa məqsədilə 2,5 hektarlıq mövcud yaşıllıq sahələrində 600 meyvə və meşə ağacları əkilib.
Ümummilli liderimiz Heydər Əliyevin quruculuq xəttinin işığında yaranıb inkişaf edən Kəngərli rayonu bu gün müasir yaşayış məntəqələri ilə yanaşı, həm də yaşıl örtüyü ilə diqqəti cəlb edir. Partiya fəallarının iştirakı ilə aparılan abadlıq və yaşıllaşdırma tədbirləri nəticəsində rayonun bir zamanlar quru və boz çöllərini indi yamyaşıl ağaclar bəzəyir. Naxçıvan-Sədərək avtomobil yolunun rayonun Qabıllı kəndindən keçən hissəsində əkin üçün hazırlanmış 5 hektar ərazidə ilkin olaraq 500 ərik tingi, Xok kəndi ərazisində yerləşən 10 hektarlıq badam bağlarında isə bərpa məqsədilə 700 ting əkilib, ağaclara qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək səliqə sahman yaradılıb.
“Yeni Azərbaycan Partiyasının 30 illiyinə 30 min ağacla” çağırışına Şahbuz rayonunda da minlərlə sakin qoşulub. Rayon ictimaiyyətinin nümayəndələri Qızılqışlaq kəndində bələdiyyəyə aid 1 hektarlıq sahədə yeni cəviz bağı, Daylaqlı kəndindəki bələdiyyə məxsus ərazidə isə yeni üzüm bağı salınıb. 2 hektar ərazini əhatə edən bağda 2300 üzüm tənəyi əkilib və suvarılıb. Yaşıllaşdırma tədbirləri rayonun Kükü kəndində də davam etdirilib, kənd mərkəzi və məktəbin həyətində ağaclara, gülkarlıqlara qulluq göstərilib.
Aksiya çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində 1,6 hektar ərazidə mindən artıq yeni ağac əkilib, 2 hektar ərazidə bərpa işləri aparılıb. Dəmirçi-Sədərək yolunun kənarlarında da yeni yaşıllıq zolağı salan aksiya iştirakçıları əraziyə 1200 meşə ağacı əkiblər. Yaşılladırma tədbirləri rayonun ümumtəhsil məktəblərinin yaşıllıq sahələrində də davam etdirilib. Aksiyaya qoşulan rayon ictimaiyyəti tərəfindən əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarma işləri aparılıb.