Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin Böyük Britaniyanın paytaxtı Londonda keçirilən 106-cı sessiyasında iştirak edib.
Bu barədə “İki sahil”ə Agentlikdən bildirilib.
Məlumata görə, ölkəmizi tədbirdə qurumun İdarə Heyətinin sədr müavini Renat Rzayev, Dəniz üzgüçülüyü əməliyyatları departamentinin direktoru Emin Aşurov təmsil edib.
BDT-yə üzv ölkələrin, məsləhətçi statuslu beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS-74) II-2 fəsli, “Xüsusi heyəti daşıyan gəmilər üçün təhlükəsizlik tədbirləri” və bununla əlaqəli “Xüsusi heyəti daşıyan gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə” (IP Code) ilə bağlı layihələr müzakirə edilib.
Həmçinin 10 gün davam edən panel iclaslarda “Maye halında qazları qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqları haqqında Beynəlxalq Məcəllə” (IGC Code), “Qazlar və ya alışma temperaturu aşağı olan digər növ yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə” (IGF Code), “Qalama (balker) yük gəmilərinin və neft tankerlərinin müayinələri zamanı genişləndirilmiş müayinə proqramları haqqında Beynəlxalq Məcəllə” (2011 ESP Code), “Təhlükəli kimyəvi yükləri qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqları haqqında Beynəlxalq Məcəllə” (IBC Code) ilə bağlı müzakirələr aparılıb, müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər irəli sürülüb.
Beynəlxalq tədbir zamanı “Dəniz bələdçiləri və bələdçilik: təhlükəsizlik öhdəliklərimiz, çirklənmənin qarşısının alınması və dayanıqlı ətraf mühitin təmin olunması” mövzusu da müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, Malayziya, Banqladeş və Bahamın nümayəndələri, həmçinin BDT-nin Texniki Əməkdaşlıq şöbəsinin direktoru Xiaojie Zhangla görüşərək ölkəmizin dəniz nəqliyyatı sahəsindəki fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Ombudsmanın müstəqil monitorinq qrupu BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlayıb
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır