26 noyabr 2022 17:17
761

Beynəlxalq konfransın iştirakçıları Ağdamda erməni vandalizminin izlərinə baxıblar - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünən başlayan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ermənistanın 30 ilə yaxın işğalı zamanı tamamilə dağıdılmış Ağdam şəhərində daha bir neçə məkanı ziyarət ediblər. 

"İki sahil" “Report”a istinadən xəbər verir ki, Türkiyə, Gürcüstan, Pakistan, ABŞ, Polşa, İtaliya və digər ölkələrdən olan ekspertlər əvvəlcə Şahbulaq qalasını ziyarət ediblər. Onlara qalanın tarixi haqqında məlumat verilib, onun Ermənistan işğalından əvvəlki fotoşəkilləri nümayiş etdirilib.

Onlar həmçinin erməni hərbçiləri tərəfindən artilleriya nişangahları üçün istifadə edilən və yalnız buna görə tam dağıdılmamış Cümə məscidinə də baxış keçiriblər. Qonaqlara məsciddə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib.

Bundan başqa, ekspert və tədqiqatçılar Ağdamdakı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

İştirakçılar Ağdam Konfrans Mərkəzinə də baş çəkiblər. Mərkəzin üç aydan az vaxta, yəni 80 günə tikilməsi onlarda dərin təəssürat yaradıb.  

Sonda xatirə fotosu çəkilib.

***

"Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Ağdama səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, heyətin tərkibində ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri var.

Nümayəndə heyəti ilk olaraq Ağdamda Şahbulaq qalasını ziyarət ediblər.

Qeyd edək ki, ötən gün Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.