Gəlin, aqillərimizin cəmiyyətin güzgüsü adlandırdıqları çap mediasını birlikdə yaşadaq
“Qəzetdən qalmadı”… Bir vaxtlar əl-əl gəzən, maraqla səhifələnən populyar qəzetlərin bu gün alışına və oxunmasına maraq azalıb. Televiziya, radio, internet, eləcə də müxtəlif proqramlarla təchiz olunan mobil telefonlar vasitəsilə informasiyanın sürətlə yayılması çap mediaya tələbatı minimuma endirib.
“İki sahil” olaraq köşklərin vitrinini bəzəyən qəzetlərin satışı hansı ilə maraqlanmaq üçün üz tutduq “20 Yanvar” metrosu ətrafındakı “Kiosk Press”lərə və burada satıcılarla həmsöhbət olduq.

Köşk işçisi Məhəmməd Qədirlinin sözlərinə görə, gün ərzində 20-30 qəzet satılır: “Əvvəlki illərlə müqayisə etsək, qəzetlərin oxucuları azalıb, amma yenə də sadiq oxucular var. Qəzet alıcıları arasında 30-50 yaş qrupunda olanlar üstünlük təşkil edir.

Satıcı Emin Əliyev bildirdi ki, alıcılıq qabiliyyətində azalma var: “Əvvəl gündəlik olaraq 30-40 qəzet satırıqdısa, indi 15-20-sini güclə satırıq. Orta yaş qrupundan olanlar qəzet almağa daha çox maraqlıdırlar.”

Hənəf Muxtarov isə qeyd etdi ki, gün ərzində 20-25 qəzet satırıq: “Alıcılar daha çox orta və yaşlı nəslin nümayəndələridir. Satışın vəziyyəti stabil deyil: Alıcıların sayında artım da olur, azalma da.”
Göründüyü kimi, satıcılar da əvvəlki illərlə müqayisədə köşklərdən qəzet alanların sayının az olduğunu bildirirlər.
Bəs, paytaxt sakinləri gündəlik informasiyanı haradan əldə edir?
Aysu Əsədova sonuncu dəfə nə vaxt qəzet oxuduğunu xatırlamır:

“Qəzet oxumuram. Gündəlik informasiyanı sosial şəbəkələrdən, daha çox “İnstagram”dan alıram. Çünki burada operativ xəbərlər olur. İzləyiciləri çox olan səhifələri izləyirəm və onların verdiyi xəbərə də güvənirəm ki, düzgün olar.”
Gülməmməd Əsgərov bildirdi ki, son zamanlar yaşımla əlaqədar qəzet oxuya bilmirəm:

“Sovet dövründə “Kommunist”, “Azərbaycan Gəncləri” qəzetlərini oxuyurdum. İndi isə xəbəri televiziya kanallarından alıram.”
Samirə Talıbova dedi ki, gündəli informasiyanı sosial şəbəkələrdən, yəni “İnstagram”, “TikTok”dan alıram: “Həmin xəbərlərin rəsmiliyinə, dəqiqliyinə çox da güvənməsəm də oradan oxumaq daha maraqlı və asan gəlir.”

Aypara Nəsirovanın bildirdiyinə görə, sonuncu dəfə məktəb vaxtı qəzet oxuyub:

“Gündəlik xəbərləri televizordan alıram. Bəzən də həyat yoldaşım informasiyaları sosial şəbəkələrdən oxuyur və bizə də məlumat verir.”
Hüseyn Əhmədov heç vaxt qəzet oxumadığını söyləyir: “Qəzet oxumağa vaxt yoxdur. Ümumiyyətlə, qəzet almağa, oxumağa həvəsim də yoxdur. Məlumat almaq üçün çoxlu televiziya kanalları, ətrafımda insanlar var. Başqa sözlə, informasiya depom kifayət qədər doludur.”

Qəzetləri daha oxunaqlı etmək üçün nə etməliyik?
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, çap mediasına marağın azalmasının obyektiv səbəbləri var: ”Bilirik ki, informasiya texnologiyaları inkişaf edir, sosial media yaranır. Ona görə də çap mediası operativlikdə gecikir. İnsanlar xəbərləri telefondan, planşetdən, kompüterdən oxumağa daha çox üstünlük verirlər. Çünki buradan informasiya əldə etmək əlçatımlıdır. Bu səbəbdən də ənənəvi mətbuata maraq azalıb. Bu günlərdə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə təqdim olunan “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması da çap mediasına marağın azalmaması üçün onun abunə və satışını vahid mərkəzdən təşkil etmək məqsədi daşıyır. Həm bu tipli addımlarla, həm də dövlətin yazılı mətbuata dəstək göstərməsi ilə çap mediasını qoruyub saxlamağa çalışırıq.”

Qəzetlərin jurnalist potensialı həmişə güclü olub
Rəşad Məcid qeyd etdi ki, hər zaman deyirəm ki, yazılı mətbuat operativlikdə uduzur:” Çap mediası xəbər dalınca qaçmamalıdır, qəzetlər daha çox analitik və araşdırma yazılarına üstünlük verməlidirlər. Qəzetlərin jurnalist potensialı həmişə güclü olub, bu mətbu nəşrlərdə peşəkarlar çalışıb. Mətbuatımız çalışmalıdır ki, peşəkarların vasitəsilə daha çox araşdırma və analitik yazılara üstünlük versin ki, informasiya bolluğunda maraq doğura bilsin.”
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu "İki sahil"ə açıqlamasında diqqətə çatdırdı ki, çap mediasına marağın azalması dünya informasiya məkanında oyunçuların dəyişməsi səbəbindən baş verir: “Əvvəllər informasiya məkanında əsas aparıcı qlobal televiziyalar və çap mediası idi. Yalnız bu iki media komponenti arasında yarış gedirdi. Daha sonra yeni media (saytlar, elektron media vasitələri, agentliklər) ortaya çıxdı. Onlar da qəzetlərin əhəmiyyətini, tirajını, əhatə dairəsini bir az azaltdı. Amma ən sonda sosial media ölkə və dünya gündəminə gəldi. Artıq informasiya məkanında əsas oyunçu və informasiya yayıcısı sosial mediadır. Hətta qlobal televiziya kanallarının belə zamanı keçib. İndi sosial media ortaya paralel ekran amilini telefonları çıxardı. Hazırda insanlar qlobal televiziya kanallarına baxmaq üçün televizorlardan və başqa vasitələrdən deyil, üzərlərində olan telefonlardan istifadə edərək sosial mediadan( “Youtube”, “TikTok”, “İnstagram”, “Facebook”) xəbər alırlar. Beləliklə, çap mediasının əhəmiyyəti azaldı. Buna görə də maraq da azaldı. Artıq xəbərlərdə aktuallıq və operativlik ön plana keçdi. Bu baxımdan da çap mediası böhranlı bir vəziyyətə girdi. Bütün dünyada belədir.”

Qəzet yayımı yenidən canlandırılmalıdır
Rauf Arifoğlu vurğuladı ki, qəzetləri daha oxunaqlı etməyin bir sıra yolları var və bu da vəsait qoyuluşu tələb edir: “Özəl xəbər sistemi, eksklüziv yazılar, təhlillər olmalıdır. Qəzetlər xəbərləşmə yox, təhlil və analiz vasitəsi kimi fəaliyyət göstərməlidir. Çap mediasında maraqlı materiallar dərc olunmalıdır, hansı ki internetə qoyulmur, yalnız qəzetlərin səhifələrində yayılır. Qəzet yayımı yenidən canlandırılmalıdır. Buraya böyük vəsait qoyulmalıdır ki, bütün ölkə əhalisini əhatə etsin. Azərbaycanda çap mediasının gələcəyi qaranlıq və qeyri-müəyyən görünür. Çünki kimsə bu boyda vəsaiti o sahəyə qoymayacaq. Həmin vəsaitin cüzi bir hissəsi ilə kimsə sayt aça bilər və maraqlı kontent yaradaraq xəbərini dünyanın hər yerinə anındaca yaya bilərlər. Qəzetlərin oxunaqlı olması yarışını mən artıq uduzulmuş yarış hesab edirəm. Hazırda sadəcə tarixi ənənə baxımından sırf sadiq qəzet oxucuları üçün qəzet çap edilir. Bu gün ölkəmizdə qəzet tirajları böhranlı bir həddədir. Onların qaldırılması milyonlarla vəsait lazımdır ki, onları da mən doğru saymıram. Qəzet oxudacağıq deyə milyonlarla vəsaiti gələcəyi bəlli olmayan sahəyə qoymağı məqsədəmüvafiq hesab etmirəm. Ola bilər ki , bir müddət sonra çap mediasına gərək olmasın. Qəzetlərin PDF versiyaları daha aktual olsun.”
Yazının sonunda milli mətbuatımızın banisi böyük Həsən bəy Zərdabinin zərb-məsələ çevrilmiş bir fikrini xatırlatmağı özümə borc bildim: “Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun”. Bu güzgüdə həqiqət bütün çılpaqlığı ilə əks olunur. Odur ki, yeni medianın müsbət keyfiyyətlərindən maksimum yararlanaraq çap mediasını yaşatmaq lazımdır. Əks təqdirdə , biz bu güzgüdən məhrum olarıq…
Yaqut Ağaşahqızı, “İki sahil”
Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib