SOCAR ölkənin iri şirkətlərindən biri olmaqla neft, qaz, neft-qaz məhsulları və neft-kimya məhsullarının istehsalını və satışını uğurla davam etdirməkdədir. Şirkətin illik hesabatına görə, istismar olunan neft və qaz yataqlarından 2021-ci ildə 7,9 milyon ton neft (kondensatla birlikdə) və 7,9 milyard kubmetr qaz hasil edilib.
2021-ci ildə SOCAR-ın istismar etdiyi yataqlardan neft hasilatı proqnozdan 350,7 min ton və ya 4,7 faiz, eyni zamanda, əvvəlki illə müqayisədə 482,7 min ton çox olmaqla yerinə yetirilib. Hasil edilmiş neftin 85,4 faizi keçici fond quyularının, 6 faizi yeni quyuların, 8,6 faizi isə fəaliyyətsiz fonddan alınan quyuların payına düşüb.
Qaz hasilatı proqnozu isə 99,6 faiz yerinə yetirilib. Bununla belə, qaz hasilatında 2020-ci il ilə müqayisədə 516,7 milyon kubmetr artım qeydə alınıb.
SOCAR-ın Emal kompleksinin neft emalı zavodunda ötən il 6 milyon 657,7 min ton xam neft emal olunub. Bu göstərici proqnozla müqayisədə 6,9 faiz, əvvəlki ilin faktiki göstəricisinə nisbətən 13,3 faiz çoxdur. Hesabat ilində emal olunmuş xammaldan 1 milyon 265,5 min ton avtomobil benzini, 491,8 min ton reaktiv mühərrik yanacağı, 2 milyon 395,8 min ton dizel yanacağı, 269,9 min ton maye qazlar, 362,2 min ton bitum, 36,0 min ton sürtkü yağları, 256,2 min ton koks və sair məhsullar istehsal edilib. Bununla da avtomobil benzinin istehsalı proqnozdan 2,6 faiz, dizel yanacağı 12,4 faiz, bitum 20,7 faiz, sürtkü yağları 24,6 faiz çox olub. İl ərzində neft məhsullarının 75 faizi daxili bazara satılıb, qalan 25 faizi isə ixrac olunub.
Eyni zamanda, “Azərikimya” İstehsalat Birliyində 707 min ton neft-kimya xammalı emal olunaraq 168,4 min ton etilen, 146,4 min ton propilen və 237,9 min ton digər qiymətli piroliz məhsulları istehsal edilib. İl ərzində istehsal olunmuş polietilenin miqdarı 94,8 min ton təşkil edib. Bu göstəricilər illik proqnozdan geri qalsa da 2020-ci ilin göstəricilərindən xeyli yüksək olub. İstehsal olunmuş neft-kimya məhsullarının 40,6 faizi respublika daxilinə satılıb, 59,4 faizi isə ixrac edilib.
Həmçinin Metanol zavodunda 2021-ci il ərzində 378,1 min ton metanol məhsulu istehsal edilərək proqnoza 93,7 faiz əməl olunub. Hesabat dövründə 366,3 min ton metanol məhsulu (proqnozun 90,7 faizi) satılıb ki, bunun 361,9 min tonu (98,8 faizi) ixracın, 4,4 min tonu (1,2 faizi) isə daxili bazarın payına düşüb. Bundan əlavə “Azneft” İstehsalat Birliyinə məxsus 1,2 min ton metanol məhsulu daxili bazarda satılıb. Əsas ixrac ölkələri Türkiyə, İtaliya, Rumıniya, İsrail və İspaniya olub.
Karbamid zavodunda isə hesabat dövründə 355,3 min ton karbamid məhsulu istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 3 dəfə çoxdur. İstehsal olunmuş karbamid məhsulundan 372,1 min tonu (əvvəlki ildən 3,4 dəfə çox) satışı həyata keçirilib ki, bunun 48,7 min tonu (13 faizi) daxili bazarda satılıb, 323,4 min tonu (87 faizi) isə ixrac edilib. Əsas ixrac bazarları Braziliya, Moldova, Kolumbiya, Türkiyə və Gürcüstan kimi ölkələr olub.
Ceyhun Piriyev, “İki sahil”
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib