Qaydalara riayət etməyənlərin qaz təchizatı dayandırılacaq
Dekabrın 9-da SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, havaların soyuq keçməsinə baxmayaraq, təbii qazın verilişində hər hansı problem yoxdur və istehlakçılar tələbata uyğun olaraq təbii qazla təmin olunurlar.
Eldəniz Vəliyev tədbirdəki çıxışında bildirib ki, «Qaz təchizatı haqqında» Qanuna edilən dəyişikliklərə əsasən, evlərdə texniki yoxlama və müayinə nəticəsində nöqsanlar aşkar edildiyi halda, «Azəriqaz» tərəfindən akt tərtib ediləcək və abonentə təqdim olunacaq: «Akt təqdim olunandan sonra abonentə texniki müayinədən irəli gələn nöqsanların aradan qaldırılması üçün bir ay vaxt veriləcək. Bu müddət keçdikdən sonra həmin ünvana yenidən baxış keçiriləcək və abonent texniki nöqsanları aradan qaldırmadığı halda həmin abonentə təbii qazın verilişi dayandırılacaq.»
Eldəniz Vəliyev vurğulayıb ki, müayinələrin həyata keçirilməsi və nöqsanların aradan qaldırılması yanvarın 1-dən noyabrın 1-dək olan dövrü əhatə etməlidir: «Qeyd edək ki, 25 fevral 2022-ci il tarixində Prezident İlham Əliyev «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Qanun 1 may 2022-ci il tarixindən qüvvəyə minib. Dəyişikliklərə əsasən, evlərdə texniki müayinələrin keçirilməsi SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinə həvalə olunub. Hazırda Nazirlər Kabineti həmin sənəddən irəli gələn qaydaların müzakirəsi ilə məşğuldur. Həmin qaydalar «Azəriqaz»a təqdim olunandan sonra onların əsasında İstehsalat Birliyi olaraq biz fəaliyyətə başlayacağıq»
Elçin Zaman, «İki sahil»
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib