İllik İnnovasiya Sammitində iştirak edən SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycanın enerji brendi olan SOCAR inteqrasiya olunmuş enerji şirkəti olaraq son 15 il ərzində dəyər zənciri üzrə biznes coğrafiyasını uğurla genişləndirib.
“İki sahil” xəbər verir ki, Zaur Qurbanov SOCAR-ın bir sıra ölkələrdə törəmə və birgə müəssisələrinin fəaliyyət göstərdiyini və sözügedən ölkələrin iqtisadiyyatında mühüm rol oynadığını qeyd edib: "Ticarət ofislərini nəzərə almasaq, Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna, İsveçrə və Avstriya kimi ən az 6 ölkədə fəaliyyət göstərdiyimizi qeyd edə bilərik. SOCAR qlobal şirkət olaraq, rəqabətin kəskin, bazar təzyiqi və müxtəlif ölkələrin hüquqi tələblərinin olduğu bazarlarda innovativ trendləri izləmək və rəqabətədavamlı qalmaq üçün təbii ki, müvafiq bacarıqlara malik olmalıdır. Beləliklə, SOCAR öz müəssisələrində innovasiyanın tətbiqinə xüsusi önəm verir və bunu gələcəkdə şirkətin dayanıqlı inkişafının əsas elementlərindən biri kimi qiymətləndirir. Bu xüsusda SOCAR-ın xaricdəki törəmə müəssisələrinin innovasiya sahəsindəki təcrübələrini qısaca qeyd etmək istərdim. Bildiyiniz kimi SOCAR-ın xaricdəki ən böyük investisiyaları Türkiyədədir. Buraya neft emalı, neft-kimya, qazın nəqli və paylanması, həmçinin digər əməliyyatlar daxildir. İnnovasiya sahəsində “SOCAR Türkiyə” əhəmiyyətli nəticələr əldə edib və şirkətin nəzdində ‘’SOCAR Araşdırma, Tədqiqat (R&D) və İnnovasiya Mərkəzi’’ fəaliyyət göstərir. Bu mərkəz 2019-2021-ci illər ərzində tərəfdaşlarla birlikdə Türkiyə dövləti və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir neçə layihədə uğurla iştirak edib. Hazırda “SOCAR Türkiyə” “Değer benim” adlı transformasiya və optimallaşdırma proqramını uğurla həyata keçirir. Proqram çərçivəsində 2016-cı ildən başlayaraq 5000-dən çox ideya toplanıb, onlardan 600-ə yaxını “SOCAR Türkiyə” tərəfindən təsdiq edilib. Bu ideyaların həyata keçirilməsi nəticəsində şirkət üçün böyük dəyər yaradılıb. Təsadüfi deyil ki, dünən "SOCAR Türkiyə", Türkiyə İnnovasiya Həftəsi çərçivəsində “Strateji Tərəfdaşlıq” mükafatına layiq görülüb və mükafat Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib."
Zaur Qurbanov qeyd edib ki, bu gün dünyada enerji sektorunda innovativ trendlərdən biri də enerjiyə keçid və yaşıl texnologiyaların tətbiqidir: "Bu, təkcə qlobal enerji bazarının yeni çağırışları deyil, eyni zamanda müxtəlif ölkələrin və Aİ-nin hüquqi tələbidir. Enerji keçidi və təmiz enerji kontekstində yaşıl hidrogen aşağı emissiya və karbonsuzlaşmanın əsas yollarından biri hesab olunur. SOCAR-ın korporativ strategiyasında innovasiya “yeni üfüqlərdən” biri kimi müəyyənləşdirilib və biz innovativ yanaşmalar vasitəsilə mütəmadi olaraq dəyər yaratma imkanlarını araşdırır və tətbiq edirik. Bundan əlavə, SOCAR-ın araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən Neftqazelmitədqiqatlayihə İnstitutunda və Bakı Ali Neft Məktəbində (BANM) pilot innovativ layihələr üçün müasir avadanlıq və texnologiyalarla təchiz edilmiş bir neçə laboratoriyanın mövcud olduğunu qeyd edə bilərik. SOCAR olaraq biz innovativ trendlərin və bu sahədə əldə edilən nailiyyətlərin müəssisələrimizdə tətbiqinə xüsusi önəm veririk."
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib