Xəbər verildiyi kimi, dekabrın 13-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku dənizə yola salınıb. Bununla bağlı keçirilən mərasimdə Prezident İlham Əliyev də iştirak edib.
Bəs, “Azəri-Mərkəzi-Şərqi” layihəsi barədə nələri bilirik?
“Azəri-Mərkəzi-Şərqi” layihəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündəlik 100 min barrelə qədər neft hasilatına nail olmaqdır. Layihə çərçivəsində, ümumilikdə, 300 milyon barrelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, AÇG-nin işlənməsi bir neçə mərhələdə həyata keçirilib. “Çıraq” yatağından hasilat “İlkin neft” layihəsi çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri layihəsi mərhələ 1” – “Mərkəzi Azəri” gəlir. Orada hasilat 2005-ci ilin əvvəlində start götürüb. Sonrakı 2-ci faza “Qərbi-Azəri” və “Şərqi-Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən “Çıraq neft layihəsi” davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub.
Cari ilin üç rübü ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (25 min), “Mərkəzi Azəri” (105 min), “Qərbi Azəri” (108 min), “Şərqi Azəri” (63 min), “Dərinsulu Günəşli” (77 min) və “Qərbi Çıraq” (40 min) platformalarında birlikdə – gündə orta hesabla 418 min barrel və ya ümumilikdə təxminən 114 milyon barrel, yəni 15 milyon ton olub.
“Azəri-Mərkəzi-Şərqi” AÇG yatağının işlənməsi ilə əlaqədar sonuncu layihədir. Oradan ilk neft hasilatının 2023-cü ildə baş tutacağı gözlənilir. Beləliklə, buradan neft hasilatına başlanılması AÇG üzrə hasilatın artmasına imkan verəcək. “Azəri-Mərkəzi-Şərqi” üzrə gündəlik 100 min barrelə yaxın hasilatın həyata keçiriləcəyini nəzərə alanda, bu, AÇG üzrə ən çox hasilatın həyata keçirildiyi üç platformadan biri olacaq.
Layihə üzrə yekun investisiya qərarı 2019-cu ildə verilməklə 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır.
“Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə tikinti işlərinə 2019-cu ilin iyul ayında başlanılıb. Məlumata görə, hazırda davam edən tikinti prosesində əsasən yerli işçi resurslarından istifadə olunur. Layihənin icrası üzrə işlərin pik dövründə, bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
“Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı, biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.
2022-ci ilin üçüncü rübü ərzində “Azəri-Mərkəzi Şərqi” platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib.
Bundan əvvəl 2350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə - qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülüb. Bu, çox dəqiqliklə hesablanmış mürəkkəb bir “qaldırma və sürüşdürmə” əməliyyat olmaqla ilk dəfə Azərbaycanda icra olunub.
Dəyəri 6 milyard dollar olan layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq. 2022-ci ilin üçüncü rübünün sonuna “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə işlərin 80 faizi tamamlanıb. Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma fəaliyyətlərinin 2023-cü ildə başa çatması nəzərdə tutulub.
Ceyhun Piriyev, “İki sahil”
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib