16 dekabr 2022 16:48
540

Deputat SOCAR “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür edib - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov “Azəriqaz” İB-nin sədri Ruslan Əliyevə və rəhbərlik etdiyi kollektivə təşəkkürünü bildirib. Belə ki, deputat tərəfindən daxil olmuş müraciətlə əlaqədar olaraq Goranboy rayonunun Qazançı kəndində 400-ə yaxın sakinin fərdi evi mavi yanacaqla təmin edilib, hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb.

“İki sahil” xəbər verir ki, Anar Məmmədovun iştirakı ilə “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyasında Qazançı kənd sakinləri  “Səyyar qəbul otağı”nın imkanlarından istifadə edərək problem və təkliflərini açıq şəkildə səsləndirib, mavi yanacaqla təmin olunmalarını xahiş ediblər.

Qazançı kəndinin təbii qazla təmin olunması münasibətilə deputat Anar Məmmədov kənd sakinlərini təbrik edib, kəndin bütün əhalisinin mavi yanacaqla təmin olunmasının bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutu olduğunu və əhaliyə dövlət qayğısının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

 Qazançı kəndinin ağsaqqalları və ziyalıları da göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.