Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur.
"Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur.
Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur", - müraciətdə qeyd olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladıb.
"Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir", - FHN-in məlumatında vurğulanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bazar günü Azərbaycanda temperatur 41 dərəcəyədək yüksələcək. Bildirilib ki, avqustun 9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, eyni zamanda Mərkəzi Aran və Naxçıvan MR-da 35-40, bəzi yerlərdə 41 dərəcəyə yaxın, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.