Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Macarıstandakı Azərbaycan Evinin təşkilatçılığı ilə Budapeştdə "Explore Azerbaijan" adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, 15-dən çox ölkəni - Macarıstan, İspaniya, İtaliya, Ukrayna, Vyetnam, Rusiya və digər ölkələri təmsil edən tələbə və gənclərin, eləcə də həmvətənlərimizin iştirak etdikləri tədbirdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, milli mətbəxi təbliğ edilib.
Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayaraq xarici gənclərin Azərbaycana marağından danışıb.
Sonra Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək, Azərbaycanın beynəlxalq aləmdəki önəmini, habelə ölkəmizin regionda və dünyada enerji təhlükəsizliyinə verdiyi töhfəsi və bu sahədə olan artan rolunu vurğulayıb.
Tədbirin təşkilatçılarından olan Ramil Şükürov və Gülər Tağıyeva tədbirin proqramından bəhs ediblər. Tədbirin birinci hissəsi “Corvinus” universitetinin tələbəsi Kamil Şükürovun müəllifi olduğu qısametrajlı videoçarxın nümayişi ilə başlayıb. Videotəqdimat əsnasında əcnəbi qonaqlara Azərbaycanın qədim tarixindən, zəngin mədəni irsindən, milli-mənəvi dəyərləri, milli mətbəxi, musiqisindən və beynəlxalq müstəvidəki əvəzolunmaz rolundan söhbət açılıb.
Təqdimatın sonunda sual-cavab və müzakirələr olub, eyni zamanda, Azərbaycan Respublikası Gənclər Fondunun və Təhsilin İnkişafı Fondunun dəstəyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 23-28-də keçirilən və "Şuşa İli"nə həsr olunan “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu çərçivəsində Şuşaya səfər etmiş xarici tələbələr səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Daha sonra tədbir Kamal Aslan, Nazim Musabəyli, Aysel Məmmədova və digər gənclərin hazırladığı bədii hissə ilə davam edib. Azərbaycanın xalq mahnıları və rəqsləri nümayiş olunub.
Sonda Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət süfrə açılıb.