Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə Əhməd Yəsəvinin "Divani-Hikmət"inin Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimi baş tutub.
“İki sahil” xəbər verir ki, təqdimat mərasimində ölkəmin mədəni-ictimai xadimləri, ədəbiyyatşünaslar, yazıçı və şairlər iştirak edib.
Milli Məclisin deputatı Qənirə Paşayevə Əhməd Yəsəvinin dini görüşləri barədə söz açıb: "Biz, İslamın əsl dəyərlərini dərindən öyrənmədikdə, İslam adından hansısa başqa məqsədlər üçün istifadə edənlərin təsirləri genişlənəcək və nəticədə gənclərimiz, eləcə də əksər adamlar bu təsirə düşə bilər. Biz bilməliyik ki, dədələrimizin İslam anlayışı necə olub. Əhməd Yəsəvinin İslam anlayışında məhsəb ayrılığı, düşmənçiliyi yoxdur".
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli kitabın Azərbaycan dilində nəşrinin vacibliyini diqqətə çatdırıb:
"Əhməd Yəsəvi ilə bağlı kitabın nəşri ilə bağlı Nazirliyə müraciət edildikdə dərhal razılaşdıq. Çünki Əhməd Yəsəvi dünyası mütləq Azərbaycan dilində Azərbaycan oxucusuna çatdırılmalı idi. Yanvarın ilk ongünlüyündə artıq oxucular kitabı kitabxanalardan əldə edə biləcəklər".
Daha sonra digər qonaqlar da kitab haqqında fikirlərini bölüşüblər.
Çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam edib.