02 iyul 2026 11:00
154

Rəqəmsal inkişafın koordinasiyasında yeni mərhələ başlayır

Ekspert: Süni intellekt, kibertəhlükəsizlik sahələrində beynəlxalq standartlara uyğun tərəqqi Azərbaycanın rəqabət qabiliyyətini gücləndirəcək

Son aylarda Azərbaycanda rəqəmsal transformasiya istiqamətində atılan addımlar göstərir ki, ölkə bu prosesi artıq ayrı-ayrı layihələr səviyyəsində deyil, vahid dövlət strategiyası çərçivəsində həyata keçirməyə başlayıb. iyunun 29-da Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da məhz bu baxımdan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Burada əsas diqqət yalnız yeni texnologiyaların tətbiqinə deyil, rəqəmsal iqtisadiyyatın formalaşdırılması, süni intellekt imkanlarının dövlət idarəçiliyinə inteqrasiyası, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı kimi bir-birini tamamlayan istiqamətlərə yönəlib.

Əslində, son illərdə rəqəmsallaşma dünyanın aparıcı dövlətləri arasında iqtisadi rəqabətin əsas elementlərindən birinə çevrilib. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi artımın yeni mənbələri artıq əsasən rəqəmsal texnologiyalar, böyük verilənlər, bulud həlləri və süni intellekt üzərində qurulur. Bu baxımdan Azərbaycanın qəbul etdiyi fəaliyyət planı da qlobal tendensiyalarla uzlaşan yanaşmanı əks etdirir. Qarşıdakı üç il üçün müəyyən edilən hədəflər rəqəmsal transformasiyanın təsadüfi layihələr deyil, konkret mərhələlər üzrə həyata keçiriləcəyini göstərir.

Burada diqqət çəkən əsas məqamlardan biri rəqəmsallaşmanın yalnız informasiya texnologiyaları sahəsinin deyil, bütün dövlət idarəetmə sisteminin əsas istiqamətlərindən biri kimi qiymətləndirilməsidir. Müxtəlif dövlət qurumlarının vahid yanaşma əsasında fəaliyyət göstərməsi, rəqəmsal həllərin əlaqələndirilmiş şəkildə tətbiqi və məlumat bazalarının inteqrasiyası gələcəkdə xidmətlərin daha operativ, şəffaf və vətəndaşyönümlü göstərilməsinə imkan yaradacaq. Dövlət informasiya sistemlərinin vahid platformada birləşdirilməsi həm idarəetmədə təkrarlanan prosesləri aradan qaldıracaq, həm də qərarların qəbulunda daha dəqiq məlumatlardan istifadəni təmin edəcək.

Bütün proses “mygov” və “mygov biznes” platformaları üzərində aparılacaq

Rəqəmsal dövlət modelinin mühüm elementlərindən biri elektron xidmətlərin genişləndirilməsidir. Son dövrdə dövlət xidmətlərinin vahid platformalar üzərindən təqdim olunmasının genişlənməsi, istifadəçi sayının sürətlə artması və müxtəlif dövlət qurumlarının sistemlərinin inteqrasiyası göstərir ki, vətəndaşlar rəqəmsal xidmətlərə daha çox üstünlük verməyə başlayırlar. Bu proses yalnız rahatlıq yaratmır, eyni zamanda, bürokratik prosedurların azalmasına, vaxt itkisinin minimuma endirilməsinə və dövlət-vətəndaş münasibətlərinin daha çevik qurulmasına xidmət edir. Ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək. Vətəndaş və bizneslər dövlət xidmətlərinə çıxış üçün bir neçə mobil tətbiqdən istifadə etməyəcək və bütün proses “mygov” və “mygov biznes” platformaları üzərində aparılacaq. Bu yanaşma dövlət xidmətlərinin vahid pəncərə prinsipi əsasında göstərilməsini təmin etməklə yanaşı, istifadəçi təcrübəsini daha sadə və əlçatan edəcək, eyni zamanda, dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini sürətləndirəcək.

Yeni mərhələnin diqqətçəkən istiqamətlərindən biri də süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqidir. Bir neçə il əvvələ qədər daha çox elmi və texnoloji müzakirələrin mövzusu olan süni intellekt artıq gündəlik idarəetmə mexanizmlərinin ayrılmaz hissəsinə çevrilməkdədir. Virtual köməkçilərin istifadəsi, xidmətlərin avtomatlaşdırılması, məlumatların operativ təhlili və qərar qəbuletmə prosesində süni intellekt alətlərindən istifadə dövlət xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, insan resurslarından daha səmərəli istifadə imkanları yaradır.

Kibertəhlükəsizlik rəqəmsal ekosistemin etibarlılığını təminatında əsas şərtdir

Süni intellekt yalnız yeni imkanlar deyil, eyni zamanda, yeni risklər də formalaşdırır. Dünyada bu texnologiyaların sürətlə inkişafı kibertəhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Dövlət informasiya sistemlərinin geniş rəqəmsallaşması fonunda məlumatların qorunması, kritik informasiya infrastrukturunun təhlükəsizliyi və kiberhücumlara qarşı dayanıqlılıq milli təhlükəsizliyin mühüm komponentinə çevrilir. Bu baxımdan milli kibertəhlükəsizlik mərkəzlərinin yaradılması, operativ monitorinq imkanlarının genişləndirilməsi və dövlətlə özəl sektor arasında məlumat mübadiləsini təmin edən vahid platformanın formalaşdırılması ölkənin rəqəmsal təhlükəsizlik sisteminin institusional əsaslarını gücləndirən addımlar kimi qiymətləndirilə bilər.

Rəqəmsal transformasiyanın uğuru yalnız texnoloji həllərlə məhdudlaşmır. Bu proses müasir qanunvericilik bazasının yaradılmasını da zəruri edir. Yeni texnologiyalar sürətlə inkişaf etdikcə onların hüquqi tənzimlənməsi də paralel şəkildə yenilənməlidir. İnnovasiya fəaliyyətinin stimullaşdırılması, investisiyaların təşviqi, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, startapların maliyyələşdirilməsi, elmi tədqiqatların dəstəklənməsi və kibertəhlükəsizlik sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi rəqəmsal iqtisadiyyatın dayanıqlı inkişafı üçün əsas şərtlərdəndir. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu modellərin milli maraqlara uyğunlaşdırılması qəbul edilən qərarların effektivliyini artıran amillərdən biridir.

Texnoloji suverenliyi gücləndirəcək yeni klasterlər…

İnnovasiya ekosisteminin inkişafı da fəaliyyət planının əsas istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Dünyanın aparıcı iqtisadiyyatlarının təcrübəsi göstərir ki, rəqəmsal inkişaf yalnız dövlət investisiyaları hesabına mümkün olmur. Özəl sektorun, startapların, elmi müəssisələrin və investorların vahid platformada əməkdaşlığı innovativ məhsulların yaranmasına və texnoloji sahibkarlığın inkişafına şərait yaradır. Bu baxımdan texnoloji suverenliyi gücləndirəcək yeni klasterlərin yaradılması Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsi baxımından mühüm perspektivlər vəd edir.

Rəqəmsal transformasiyanın ən vacib dayaqlarından biri isə insan kapitalıdır. Müasir texnologiyalar yalnız onları idarə edə biləcək peşəkar kadrlar olduğu halda real nəticə verir. Buna görə də təhsil sistemində rəqəmsallaşmanın genişləndirilməsi, məktəblərin müasir infrastrukturla təmin olunması, elektron təhsil resurslarının inkişafı və şagirdlərdə rəqəmsal bacarıqların formalaşdırılması gələcəyin əmək bazarına hazırlığın əsas istiqamətlərindən hesab olunur. Xüsusilə proqramlaşdırma, STEAM yanaşması və rəqəmsal savadlılıq layihələri gələcəkdə süni intellekt və yüksək texnologiyalar sahəsində milli kadr potensialının formalaşmasına xidmət edəcək.

Azərbaycan regionun rəqəmsal mərkəzinə çevrilə bilər

Bütün bunlar onu göstərir ki, qarşıya qoyulan məqsəd sadəcə dövlət xidmətlərini elektronlaşdırmaq deyil. Əsas hədəf rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirmək, texnoloji innovasiyaları təşviq etmək, ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək və rəqəmsal idarəetməni milli inkişaf modelinin əsas sütunlarından birinə çevirməkdir. Müəyyən edilmiş yol xəritəsinin uğurla icrası Azərbaycanın regionda rəqəmsal inkişaf və süni intellekt sahəsində rəqabət qabiliyyətini artırmaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, investisiya cəlbediciliyinin yüksəldilməsi və dövlət idarəçiliyinin daha çevik, şəffaf və səmərəli modelə keçidi baxımından da mühüm nəticələr vəd edir.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının  eksperti Bəhruz Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, rəqəmsallaşma artıq yalnız İKT sektorunun deyil, iqtisadiyyatın, dövlət idarəçiliyinin, təhsilin, səhiyyənin və sənayenin inkişafını müəyyən edən strateji istiqamətlərdən birinə çevrilib: “Fəaliyyət planında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya istiqamətlərinin birlikdə nəzərdə tutulması xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal transformasiya yalnız yeni texnologiyaların tətbiqi ilə deyil, həm də həmin texnologiyaların təhlükəsiz, dayanıqlı və səmərəli idarə olunması ilə mümkün olur. Süni intellekt dövlət xidmətlərinin avtomatlaşdırılması, qərarvermə proseslərinin sürətləndirilməsi və vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün yeni imkanlar yarada bilər. Kibertəhlükəsizliyin gücləndirilməsi isə bu rəqəmsal ekosistemin etibarlılığını təmin edən əsas şərtlərdən biridir.

Bu qərarların iqtisadi təsirləri də kifayət qədər əhəmiyyətlidir. Rəqəmsal dövlət xidmətlərinin genişlənməsi biznes mühitini sadələşdirir, inzibati xərcləri azaldır, investisiya mühitini yaxşılaşdırır və innovativ sahibkarlığın inkişafını sürətləndirir. Yerli startap ekosisteminin güclənməsi, texnologiya əsaslı şirkətlərin yaranması və yüksək ixtisaslı rəqəmsal kadrların hazırlanması ölkənin qeyri-neft iqtisadiyyatının inkişafına mühüm töhfə verə bilər.

Beynəlxalq rəqabət baxımından isə bu addımlar Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyata daha fəal inteqrasiyasına xidmət edə bilər. Süni intellekt, məlumatların idarə olunması, kibertəhlükəsizlik və rəqəmsal infrastruktur sahələrində beynəlxalq standartlara uyğun inkişaf ölkənin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirə, xarici investorların etimadını artıra və Azərbaycanı regionun rəqəmsal innovasiya mərkəzlərindən birinə çevirə bilər”.

Nigar Orucova, "İki sahil"