23 dekabr 2022 15:54
1246

"Azəriqaz"a müraciət edən 200 şəhid ailəsinin problemi dərhal həll edilib - FOTO/VİDEO

Dekabrın 23-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb. Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki,   Rusiya-Ukrayna müharibəsi  2022- ci ildə «Azəriqaz» İstehsalat Birliyinin işinə mənfi təsir edib: « Ona görə ki, biz qaz borularını Rusiya və Ukraynadan alırdıq. Ancaq buna baxmayaraq «Azəriqaz» İstehsalat Birliyi ötən ildən qalma borularla 2022-ci ildə həyata keçirilməli olan qazlaşmanın böyük hissəsini reallaşdırdı.»

T. Cəfərov bildirib ki, Birlik qazlaşma tədbirləri çərçivəsində bu ilin yanvar-iyun aylarında Azərbaycanda 565 kilometr uzunluğunda yeni qaz xətləri çəkib. Onun  40 kilometri Bakı və Abşeronun, 525 kilometri isə isə regionların payına düşüb: «Bakı şəhəri ərazisində qazlaşmamış böyük yaşayış massivləri demək olar ki, yoxdur. Qalan xırda yaşayış massivlərinin isə qazlaşma prosesi davam etdirilir.»

Eldəniz Vəliyev bildirib ki, son iki ildə «Azəriqaz İB-yə şəhid ailələrindən 200 –dən çox müraciət daxil olub: « Həmin müraciətlər qaz çəkilişləri, sayğaclar və sairə ilə bağlı olub. Birlik rəhbərliyi tərəfindən müraciətlərin hər biri diqqətdə saxlanılaraq həllinə nail olunub. Əslində, vətəndaşlara qaz çəkilişlərini  «Azəriqaz» İB deyil, lisenziya almış podratçı təşkilatlar həyata keçirirlər. Ancaq biz bunu şəhid ailələrinə şamil etmirik və onların evlərini Birlik öz imkanları hesabına qazlaşdırır».

Daha sonra E. Vəliyev qaz limitlərinin yeni ildən sıfırlanması prosesindən danışıb. Bildirib ki, bu gün ölkədə 1 milyondan çox smart-kart tipli sayğac var ki, onlar dekabrın 31-də saat 00-da avtomatik olaraq sıfırlanacaq: «Yerdə qalan 1milyon 400 min mexaniki sayğacın sıfırlanması isə  Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaya uyğun olaraq yanvarın 10- dək həyata keçiriləcək. Yəni bu proses ola bilər ki, yanvarın 3-də və yaxud 5-də qurtarısın. Bütün hallarda abonentlər arxayın olsunlar ki, bu işdə şəffaflıq ən yüksək həddə qorunur.»

Elçin Zaman, "İki sahil"