28 dekabr 2022 22:31
1068

Təcrübəli neftçi, sadiq dost, gözəl insan...

Uşaqlıq, gənclik illərində altmış yaş insana çox böyük, qocaman və ahıl yaş kimi görünür, sonra aylar, illər elə bil bir göz qırpımında keçir ki... Elə bil orta məktəb, ali məktəb dünən bitdi, iş, evlilik, ailə, qayğılar, ətrafda baş verənlər, informasiya bolluğuna düşən insan ömrünün necə tez keçməsindən xəbəri olmur. İnsanın ən böyük təsəllisi isə geri dönüb baxanda ömrün bu çağına mənalı hesabatla və uğurlu keçmişlə gələ bilməkdir. Belə ömür yolu keçmiş insanlardan biri, 2023-cü ilin yanvar ayının birində 60 yaşı tamam olan, ömrünü neft sənayesinə bağlamış təcrübəli mütəxəssis, sadiq dost və gözəl insan Rasim Vəli oğlu Vəliyevdir.

Rasim Vəliyev şairlər məkanı qədim Qazax elinin gözəl guşələrindən biri olan Fərəhli kəndində dünyaya göz açmışdır. 1979-cu ildə orta məktəbi bitirərək Azərbaycan Neft və Kimya İnstitutuna (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş və 1984-cü ildə institutun geoloji-kəşfiyyat fakultəsini uğurla başa vuraraq təyinatla neft sənayesinə - “Xəzərdənizneftqaz” Ümumittifaq Sənaye Birliyinə göndərilmişdir. “Dənizneftqazlayihə” Dövlət Elmi-tədqiqat Layihə İnstitutunun Dənizdə mühəndisi-axtarış şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlayaraq 1996-cı ilin sonuna qədər institutda mühəndis-geoloq, geoloq, böyük geoloq və qrup rəhbəri vəzifələrində çalışmışdır.

O, 1988 və 1989-cu illərdə İran İslam Respublikası Milli Neft Şirkətinin sifarişi ilə Xəzərin İran sektorunda qazma qurğusunun qazma nöqtəsinə qoyulması məqsədilə mühəndisi-geoloji işlər aparmış elmi-tədqiqat ekspedisiyasında, 1994-cü ildə isə Xəzərin İran sektorunda qazma qurğusunun qoyulması üçün aparılmış mühəndisi-geoloji işlərin yekun hesabatının tərtib edilməsində fəal iştirak etmişdir. İnstitutda işlədiyi müddətdə neft-qaz yataqlarının abadlaşdırılması, hidrotexniki qurğuların tikintisi və yenidən qurulması məqsədilə aparılmış mühəndisi-tədqiqat işlərinin nəticələri əsasında “Dənizneftqazlayihə” DETLİ tərəfindən tərtib edilmiş yekun hesabatlarının və mühəndisi-geoloji rəylərin həmmüəllifi və müəllifi olmuşdur.

1997-ci ilin yanvar ayında o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Geofizika və mühəndisi-geologiya şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. R.Vəliyev 1998-ci ildə Yaponiyada, 2000-ci ildə Türkiyədə, 2005-ci ildə Norveç krallığında və bir neçə dəfə Çin Xalq Respublikasında təşkil olunmuş ixtisasartırma kurslarında və digər beynəlxalq tədbirlərdə iştirak etmiş, beynəlxalq dərəcəli diplom və sertifikatlar almışdır.

2003-2013-cü illərdə Salyan Oil Əməliyyat şirkətində fəaliyyət göstərmişdir. 2013-cü ildə yenidən SOCAR-ın Baş ofisinə qayıdaraq Elm və texnika şöbəsində böyük mühəndis kimi fəaliyyətini davam etdirməyə başlamış, SOCAR-ın idarə və müəssisələrində həyata keçirilən elmi-texniki və innovativ tədqiqat işlərinin aparılması, yeni texnika və texnologiyaların istehsalata tətbiqi sahələrində, ölkə daxilində və xaricdə SOCAR-ın iştirakı ilə keçirilən elmi-texniki tədbirlərdə, o cümlədən konfrans, sərgi, forum və bu kimi tədbirlərdə bilavasitə iştirak etmişdir. O, dəfələrlə Azərbaycan, Rusiya, İran, Özbəkistan, Türkmənistan, Qazaxıstan, ABŞ, Vyetnam, Türkiyə kimi neft və qaz ölkələrində keçirilmiş beynəlxalq tədbirlərdə ölkəmizi və SOCAR-ı layiqincə təmsil etmişdir.

2015-ci ildə o, SOCAR-ın Elm və texnika şöbəsinin rəis müavini və 2020-ci ildən Elm, texnika və nanotexnologiyalar Departamentində Elm və texnika şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

R.Vəliyev Azərbaycan Geofizikləri Milli Komitəsinin, Neftçi Geoloqlar Cəmiyyətinin, Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin üzvüdür. O, eyni zamanda, Azərbaycan Milli Neft Komitəsinin işlərinin aparılmasında yaxından iştirak edir. “Neftqazelmitədqiqatlayihə” institutunun dissertantı kimi istehsalatdan ayrılmamaq şərti ilə elmi işlə də məşğul olur, Azərbaycanda və xaricdə nəşr edilmiş 16 elmi məqalənin müəllifidir.

R.Vəliyev neft-qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə 2002-ci ildə SOCAR-ın Fəxr fərmanı və Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə, 2020-ci ildə SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rasim müəllim neft sənayesində işlədiyi 40 ilə yaxın vaxt ərzində insani keyfiyyətləri, sadəliyi, mədəniyyəti ilə çalışdığı hər bir kollektivin dərin hörmət və rəğbətini qazanmış, üzərinə düşən hər bir işi keyfiyyətlə yerinə yetirmiş, daim böyüklərin hörmətini saxlamaq və gənclərə örnək kimi keyfiyyətləri ilə rəhbərliyin etimadını qazanmışdır. O, istiqanlılığı, ünsiyyətliliyi, həlim xasiyyəti və mehribanlığı ilə yanaşı, işində ciddi və məsuliyyətli, operativ və tez qərar vermək bacarıqları ilə fərqlənir.

Mən Rasim Vəliyevi hələ lap gənclik illərindən – təyinatla neft sənayesinə gəldiyi dövrlərdən tanıyıram. İllər keçməsinə baxmayaraq o, həmişə neft sənayesində tanınmış insanlarla birlikdə çalışmasını, həyatında onların böyük rolu olduğunu heç vaxt unutmur və bununla qürur duyduğunu qeyd edir.  

Eyni zamanda, onun romantik və duyğulu, həssas qəlbli olmağını, yaşa dolduqca bu keyfiyyətlərini daha da artırdığını bilirik. Hər yerdə, istər ailəsində, dostları arasında, işlədiyi bütün kollektivlərdə qarşılıqlı hörmət və münasibət saxlayır, istərsə də xarici ölkələrə xidməti ezamiyyətlər zamanı daim şirkətimizin adını uca tutur, bir vətəndaş kimi ölkəmizin nüfuzunun artması üçün, hər zaman dost qazanmağa və işi ilə nümunə olmağa çalışır.

O, gözəl ailə başçısıdır, iki qız və bir oğul atası kimi daim övladlarının da cəmiyyətə faydalı və yararlı olması onun əsas həyat amallarından biridir.

Biz Rasim müəllimi müdriklik, yaşa dolduqca qocalan yox, ucalan, elinin, evinin, dostlarının və həmkarlarının sevimlisi olan bir insan kimi altmış yaşına çatması münasibətilə təbrik edir, gəncliyində olduğu kimi daim enerjili həyat eşqi, ailəsində xoş günlər və sağlam uzun ömür arzulayırıq!

Hörmətlə,

Xoşbəxt Yusifzadə,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki