Yanvarın 13-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
«Azəriqaz» İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, Azərbaycanda son 12 ildə dəm qazından zəhərlənmələrin və partlayış tipli hadisələrin sayı kəskin azalıb. Onun sözlərinə görə, 2011-ci ildə qeyd olunan hadisələrin sayı 1 000-ə yaxın olduğu halda, 2022-ci ildə bu göstərici 280 olub.
İlkin Behbudov onu da əlavə edib ki, 2011-ci ildə Bakı şəhəri və Abşeron rayonu üzrə abonentlərin sayı təxminən 760 min civarında idisə, 2022-ci ildə bu göstərici artıq 1milyon 270 min olub: « Qeyd olunan dövrdə regionlar üzrə də abonent sayı 600 mindən 1milyon 390 minədək artıb. Abonentlərin sayının artmasına rəğmən hər il qaz təssərüfatında baş verən bədbəxt hadisələrin azalması bizi sevindirir. Lakin çalışırıq ki, qarşıdakı illərdə bu nəticəni sıfıra endirək.»
Şöbə rəisi bildirib ki, bütün bunlara rəğmən şəxsi qənaətimi də bölüşmək istəyirəm : «Dəm qazından zəhərlənmələrin və təbii qaz partlayışlarının əsas səbəblərindən biri bəzi vətəndaşların məsuliyyətsizliyidir. Bildikləri halda ki, standarta uyğun olmayan qaz cihazlarından istifadə, mənzil daxilində qaydalara uyğun olmayan qaz çəkilişləri mütləq halda zəhərlənmələrə, partlayışlara səbəb olur - yenə də bu mənfi tendensiyalara rəvac verirlər. Əslində, bu acı gerçəklikləri görəndə insanda belə bir fikir yaranır ki, sanki vətəndaşlar öz həyatlarını təhlükəyə atmaq da «həvəslidirlər. Bü gün Azərbaycanda 2 milyon 400 mindən çox təbii qazdan istifadə edən abonent var və onların hər birinə bir nəzarətçi təyin etmək mümkün deyildir. Bu halda faciələrin qarşısının alınmasında ən böyük məsuliyyət və vəzifə elə abonentlərin özlərinin üzərinə düşür. Ona görə də abonentlər xüsusilə soyuq qış aylarında daha ehtiyatlı olmalı, təbii qazdan istifadə qaydalarına düzgün əməl etməlidirlər.»
Elçin Zaman, "İki sahil"
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib