Ötən il Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 75,2 milyard manat təşkil edib. Sənaye məhsulunun 85,2 faizi mədənçıxarma, 12,8 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,4 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,2 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2023-cü il vəziyyətinə 466,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
2022-ci ildə paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,3 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 9,4 faizini isə sair tikinti işləri təşkil edib.Ümumi inşaat işlərinin 90,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Hesabat dövründə Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi 2021-ci il ilə müqayisədə 5 faiz artaraq 30 milyard 819,1 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 16,9 faiz artaraq 18 milyard 698,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9 faiz azalaraq 12 milyard 121 milyon manata bərabər olub. İstehlak məhsullarının 32,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,2 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.
2022-ci ildə paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə real ifadədə 44,2 faiz artaraq 1 milyard 96,6 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 617,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 56,3 faizini təşkil edib.
Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci illə müqayisədə real ifadədə 9,1 faiz artaraq 5 milyard 779,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 568,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,4 faizini təşkil edib.
Əməkhaqqına gəlincə, 2022-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artaraq 1067,5 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsi