Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə bu məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb.
Tapşırıqlardan biri tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsidir. Qeyd edək ki, “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” ölkə başçısının Fərmanı 1996-cı ildə imzalanıb. Bu sənədlə alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalı, saxlanması, idxalı və satışı fəaliyyəti üçün lisenziya tələbi müəyyən edilsə də sonradan bu aradan qaldırılıb.
Bundan başqa, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödəniş mexanizminin tətbiqi nəzərdə tutulur.
Eyni zamanda, alkoqollu içkilərin pərakəndə satışına minimum qiymət tələbi qoyulacaq. Yəni, alkoqollu içkilərin müəyyən ediləcək qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.Belə ki, bu Fərmanla Nazirlər Kabinetinə beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi tapşırılıb.
Həmçinin tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində qanun pozuntusuna yol verənlərə qarşı tədbirlərin də sərtləşdirilməsi planlaşdırılır. Hazırda Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində bu istiqamətdə məsuliyyət tədbirləri mövcuddur. Belə ki, Cinayət Məcəlləsinin 213-cü maddəsi aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısını və digər halları nəzərdə tutur. Bu maddənin 1.1-ci bəndinə görə, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlamaya və idxal etməyə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu əməllər külli miqdarda (2000 manatdan yuxarı olan məbləğdə), təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bütün bunlardan başqa, İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələbləri müəyyən edəcəklər. Hazırda qüvvədə olan qanunvericiliyə görə, tütün məmulatının istehsalçıları tütün qarışığını bilavasitə müəssisədə hazırlamalı və qüvvədə olan normativlərə uyğun olaraq nizamlanan həcmdə yerli xammaldan istifadə etməlidirlər. Ötən il ölkəyə 97,1 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu, əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.
Tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin artırılması ilə bağlı təkliflər də hazırlanacaq. Baxmayaraq ki, son illərdə tütün məmulatlarına tətbiq edilən aksiz vergisi artırılmaqdadır. Belə ki, İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.
Xatırladaq ki, ötən il əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 4,7 faizi və ya 2,5 milyard manatı içkilərin və tütün məmulatlarının payına düşüb.
Ceyhun Piriyev, “İki sahil”