Ölkəmizdə iqtisadiyyatın davamlı inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. İqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.
Son illər Azərbaycanda vergi sahəsində əhəmiyyətli islahatlar həyata keçirilib. Vergi dəyişikliklərində stimullaşdırıcı tədbirlərin müşahidə edilməsi sevindiricidir. Həyata keçirilən tədbirlər ölkədə sahibkarlığın inkişafı, rəqabət qabiliyyətinin artırılması, qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması sahəsində aparılan islahatlara əhəmiyyətli töhfə verir. Azərbaycan biznesə başlama üzrə dünyada ən yaxşı təcrübələrdən birinə malikdir.
Ölkəmizdə “Vergi Məcəlləsi”nə edilmiş dəyişikliklərdə sahibkarlara yaradılan biznes və investisiya şəraitinin ildən-ilə daha da inkişaf etdirilməsi, sosial xarakterli güzəştlər, həmçinin istehsalatçılar üçün əsas vəsaitlərin ölkəyə idxalında ƏDV-dən azad olunması nəzərdə tutulmuşdur. Bu dəyişikliklər Azərbaycanda sahibkarların uçotlarının daha şəffaf aparılmasına bir təşviqdir. Sahibkarlarla bağlı maraqlı məqam odur ki, 2023-cü ildən vergi qaydaları dəyişir.
Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır.
“Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycanda, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu. Bu məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil.
Həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutur. Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar), o halda kartda olan pul vergiyə cəlb olunmur.
Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə, o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 8 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manatın 10%-i). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faiz gəliri vergiyə cəlb oluna bilər.
Yəni, kartınız sizə faiz gəliri gətirmirsə, heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz.
Cavid Əkbərov, “İki sahil”