2022-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 470 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 624 milyon dollar əsaslı məsrəflər xərclənib. Bu barədə BP şirkətinin ötən ilin yekunları barədə yaydığı məlumatda bildirilib. Bununla da əvvəlki illə müqayisədə cəmi xərclər 4,7 faiz azalıb, o cümlədən əməliyyat xərcləri 11,8 faiz azalıb, əsaslı xərclər isə 2,2 faiz artıb.
2022-ci ildə AÇG-dən ümumi hasilat – “Çıraq” (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub. Bu 2021-ci illə müqayisədə hasilatın 3 milyon ton və ya 15 faiz azalması deməkdir. Azalma bütün platformalarda müşahidə edilib.
İlin sonunda AÇG-də ümumilikdə 141 neft hasilat quyusu, 41 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Müqayisə üçün deyək ki, 2021-ci ilin sonunda 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olmuşdu.
2022-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə 2,6 milyard kubmetr səmt qazı təhvil verilib. Bu (ümumi) göstərici 2021-ci illə müqayisədə 13,3 faiz azdır.
2022-ci ildə Səngəçal terminalı ilə 232 milyon bareldən çox neft və kondensat, o cümlədən 225 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib. Bununla da 2021-ci illə müqayisədə neft və kondensat ixracı 0,4 faiz artıb. BTC ilə ixrac 12,5 faiz artsa da, Qərb İxrac Boru Kəməri ilə 4,4 dəfə azalıb.
2022-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 100 milyon dollar, əsaslı xərclərə isə 27 milyon dollar vəsait xərclənib. Bununla da 2021-ci illə müqayisədə cəmi xərclər 17 faiz, o cümlədən əməliyyat xərcləri 19 faiz, əsaslı xərclər isə 25,9 faiz azalıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 18 yanvar 2023-cü il tarixində isə BTC 4 milyardcı barel neft ixracı həyata keçirilib.
Qaz terminaldan isə əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. İl ərzində terminaldan gündəlik orta hesabla təxminən 68 milyon standart kubmetr (təxminən 2 milyard 416 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib. Bu əvvəlki ilə nisbətən illik 11,5 faiz artım deməkdir.
2022-ci il ərzində “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə təxminən 2 milyard 281 milyon dollar əməliyyat xərci və təxminən 463 milyon dollar əsaslı xərc çəkilib. Əvvəlki illə müqayisədə cəmi xərclər 2,3 faiz artıb, o cümlədən əməliyyat xərcləri 14 faiz artıb, əsaslı xərclər isə 46,9 faiz azalıb. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
2022-ci ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 25 milyard standart kubmetr qaz və 4 milyon tondan artıq (təqribən 36 milyon barel) kondensat hasil edilib. 2021-ci illə müqayisədə qaz hasilatı 8,7 faiz, kondensat isə 5,9 faiz artıb.
2022-ci il ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 72 milyon dollar, əsaslı xərclər isə 5 milyon dollardan çox olub. Əvvəlki illə müqayisədə cəmi xərclər 16,7 faiz artıb, o cümlədən əməliyyat xərcləri 33,3 faiz artıb, əsaslı xərclər isə 2,4 dəfə azalıb. CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
2022-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu da 2021-ci illə müqayisədə Azərbaycan vətəndaşlarının sayının 111 nəfər və ya 4,9 faiz artması deməkdir.
Ceyhun Piriyev, “İki sahil”