15 fevral 2023 01:58
406

Yanvar ayının iqtisadi mənzərəsi: Qeyri neft-qaz sektoru liderdir

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin 4,6 faiz azalmasına baxmayaraq qeyri neft-qaz sektorunda 1,7 faiz artım qeydə alınıb. Qeyri-neft sektorundakı artım neft-qaz sektorundakı azalmanın ümumi daxili məhsula (ÜDM) təsirini qismən kompensasiya edib. Nəticədə ÜDM-də azalma tempi neft-qaz sektorundan 3 dəfə aşağı olub, yəni 1,5 faiz olub.  

ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşüb. Ötən ilin yanvar ayı ilə müqayisədə iqtisadiyyatda sənayenin, nəqliyyat və anbar təsərrüfatı payı azalıb, digər sahələrin payı artıb.

İqtisadiyyatın ən böyük sahəsi üzrə 4,3 faiz, o cümlədən neft-qaz sektorunda məhsul istehsalı 4,9 faiz azalsa, qeyri neft-qaz sektorunda 2 faiz artıb. Göründüyü kimi, qeyri neft-qaz sektoru sənayedə də fərqlənir. 

Ötən ay sənaye məhsulunun 74,1 faizi mədənçıxarma, 20,5 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə sənayedə emal sektorunun payı azalıb, digərlərinin payı isə artıb.  

Mədənçıxarma sektorunun sənayedə payı artsa da əmtəəlik neft və qaz hasilatı azalıb. Emal sektorunda isə dəri və dəri məmulatları, ayaqqabı, ağacın emalı və ağac məmulatları, maşın və avadanlıqlarının, poliqrafiya məhsullarının, kağız və karton, kompüter, elektron və optik məhsulları elektrik avadanlıqlarının istehsalı böyük həcmdə artıb, digərləri azalıb.  Eyni zamanda, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,4 faiz artıb.

İxraca gəlincə, yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları,o cümlədən qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib. ÜDM-də qeyri-neft sektorunun payı böyük olsa da ixracda bu sektorun payı 15 faizə bərabər olub. Bununla belə, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artıb.

2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə  artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. İxrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

Ceyhun Piriyev, “İki sahil”