15 fevral 2023 14:01
362

ECB İdarə Heyətinin üzvü faiz artımının 3,5 %-dən yuxarı olacağını proqnozlaşdırır

Avropa Mərkəzi Bankı (ECB) depozit faizini 3,5 %-dən yuxarı qaldıra bilər və 2023-cü ildə onu azaltmaq ehtimalı azdır.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal”a ECB İdarə Heyətinin üzvü və İrlandiya Mərkəzi Bankının rəhbəri Qabriel Makluf məlumat verib.

“Mən 3,5 %-dən yüksək faiz dərəcəsi təsəvvür edə bilirəm. İnflyasiyanın hədəf səviyyəmizə qayıtması üçün qəti addımlar atmağa hazıram”, - o qeyd edib.

Xatırladaq ki, hazırda ECB-nin faiz dərəcəsi 2,5 % təşkil edir ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir. Avrozonada inflyasiya ötən ilin dekabrında 9,2 % təşkil edib. Amma bu göstərici 2023-cü ilin yanvarında 8,5 %-ə enib.

Avropa Komissiyasının proqnozuna əsasən, 2023-cü ildə inflyasiya 5,6 % olacaq, 2024-cü ildə 2,5 %-ə enəcək.