20 fevral 2023 23:44
548

Hədəf Cənub Qaz Dəhlizinin genişləndirilməsidir

Ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışında bildirib.

Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək. Ölkə başçısı qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, 2021-ci ildə Azərbaycanın Avropaya təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmini ən azı 11,6 milyard kubmetr olacağı proqnozlaşdırılır.

Bu baxımdan indiyədək Cənub Qaz Dəhlizinə skeptik yanaşanlar belə hazırda onun əhəmiyyətli olduğunu anlayırlar. Avropada Azərbaycan qazı əldə etmək istəyənlərin sayı artıb. Həmçinin  mövcud alıcılar arasında da idxalın artırılmasında maraqlı olanlar var. Başqa sözlə, Azərbaycan qazına maraq xeyli artıb. İndi Avropa İttifaqını düşündürən arxasında heç bir siyasi maraq dayanmayan, etibarlı və rəqabətli Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılmasının və coğrafi baxımdan genişləndirilməsinin mümkün olub-olmamasıdır. Azərbaycanın Avropaya qaz ixracını artırmaq potensialı var və bunu reallaşdırmağa hazırdır. Prezident İlham Əliyev müxtəlif vaxtlardakı çıxışlarında Azərbaycanın Avropaya qaz nəqlini artırmaq imkanına malik olduğunu diqqətə çatdırıb.

Avropaya qaz nəqli infrastrukturuna nəzər salanda isə məlum olur ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın ötürücülük qabiliyyəti illik 10 milyard kubmetrdir və bu həcmin iki dəfə artırılması mümkündür. Onun vasitəsilə Avropaya 10 milyard kubmetr əlavə  qaz nəql etmək mümkün olacaq. Cənub Qaz Dəhlizinin digər seqmenti - Cənubi Qafqaz Boru Kəmərinin illik ötürmə qabiliyyəti 14,4 milyard kubmetrdir  və bu həcmin 23,4 milyard kubmetrə çatdırılması mümkündür. Həmçinin TANAP-ın ötürmə gücü  illik 16,2 milyard kubmetr olsa da  bu həcm 30,7 milyard kubmetrə qədər artırıla bilər.

Bununla belə, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin və marşrutunun genişləndirilməsi əlavə investisiyalar tələb etməklə təhlillərin nəticəsindən asılı olacaq. Burada əsas amil Avropa ölkələrinin almaq istədikləri qazın həcmidir.

Azərbaycanın Avropa ilə enerji sahəsində əməkdaşlığının bir istiqaməti də bərpaolunan enerjidir. Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən enerji ixracı əvvəlcə xam neftə və onunla bağlı məhsullara bağlı idisə, sonradan bu siyahıya təbii qaz da əlavə edilib. Ölkəmiz təbii qazla bərabər, onun əsasında istehsal edilən elektrik enerjisi ixrac edir. Növbədə isə bərpaolunan enerjidir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən dəyirmi masada Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq.

Ceyhun Piriyev, “İki sahil”