28 fevral 2023 02:15
488

Sığorta sektoru: Artımlar və azalmalar nədən xəbər verir?

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda sığorta şirkətləri tərəfindən 133 milyon 948 min manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 2,1 dəfə artaraq 35 milyon 168 min manat olub.

Sığorta haqlarının 86,3 faizi könüllü sığorta növlərinin payına düşüb. Ötən ilin yanvar ayı (84,3 faiz) ilə müqayisədə  könüllü sığorta növlərinin sığorta haqlarında payı artıb. Yığımın əksər hissəsi - 70,3 faizi və ya 81 milyon 309 min manatı qeyri-həyat sığortasından ibarətdir. Bu məbləğin 71 faizi və ya 57 milyon 682,2 min manatı tibbi sığortanın, 28,3 faizi 23 milyon 44,2 min manatı əmlak sığortasının payına düşüb. Bununla da tibbi sığorta üzrə yığım 1 faiz, əmlak üzrə isə 38,5 faiz artıb.   

Daşınmaz əmlakın icbari sığortası üzrə yığım kəskin azalıb

İcbari sığorta növləri üzrə isə 18 milyon 323,4 min manat (1,2 faiz azalma) sığorta haqqı toplanıb. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımda 34,65 faiz artım qeydə alınıb. Daşınmaz əmlakın icbari sığortası üzrə isə 2,5 dəfə azalma olub.

Yanvarda sığorta ödənişlərində 2,1 dəfə artım olsa da ödənişlərin  yarıdan çoxu 55,7 faizi və ya 19 milyon 572,7 min manatı həyatın yaşam sığortası növünün payına düşüb. Bu göstərici ötən ilin yanvar ayının müvafiq göstəricisi ilə müqayisədə 4,3 dəfə çoxdur. Həmçinin könüllü tibbi sığorta üzrə sığorta ödənişlərində 74,7 faiz artım olub.

Ən çox ödəniş avtomobillərin icbari sığortası üzrə olub

İcbari sığorta növləri üzrə ödənişlərində isə 15,2 artım faiz olub. Bu növlər üzrə ödənişlərin 95,4 faizi  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının payına düşüb. Ötən ay bu sığorta növü üzrə 7 milyon 920,1 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 21,4 faiz çoxdur. Yığımın 2,5 dəfə azaldığı daşınmaz əmlakın icbarı sığortası üzrə ödənişlər isə 2,2 dəfə artıb. Belə ki, 2022-ci ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin məbləği 64,2 min manat olduğu halda, ötən ay bu rəqəm 140,4 min manat təşkil edib. Bununla belə, sığorta haqlarının azalmasına, ödənişlərinin artmasına rəğmən  daşınmaz əmlakın icbarı sığortasını şirkətlər üçün ən sərfəli sığorta növü hesab etmək olar. Ötən ay şirkətlər bu sığorta növü üzrə yığımın cəmi 5,3 faizi nisbətində ödəniş ediblər. 

Şirkətlərdən bəhs etdikdə onu da bildirmək vacibdir ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin həmin ayında 20 sığorta şirkətindən 4-ünün topladığı sığorta haqları azalıb. Sığorta ödənişlərinə gəlincə, bu dövrdə 5 şirkətin ödənişi azalıb, 1 şirkət isə ümumiyyətlə ödəniş etməyib. Yanvar ayında şirkətlər topladıqları hər 100 manat sığorta haqqının 26,3 manatı məbləğində ödəniş edilib. Əvvəlki ildə bu göstərici 14,1 manat təşkil etmişdi

Ceyhun Piriyev, “İki sahil”