01 mart 2023 00:56
800

“Yaşıl dəhliz”: Kimlər ondan istifadə edə bilir?

“Yaşıl dəhliz” buraxılış sistemi sahibkar-məmur təmasının minimuma endirilməsinə, ölkənin ixrac potensialının artırılmasına, gömrük sistemində şəffaflığın təmin olunmasına şərait yaradır. 2019-cu ildən etibarən tətbiqinə başlanan bu buraxılış sistemindən daimi istifadə hüququ verilmiş  xarici ticarət iştirakçılarının sayı hazırda idxal üzrə  495-ə, ixrac üzrə isə 278-ə çatıb.  Təkcə 2022-ci il ərzində 17 xarici ticarət iştirakçısına idxal əməliyyatları, 18 -nə isə ixrac üzrə, ümumilikdə 35 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib. Həmçinin hüquqpozma faktlarının araşdırılması nəticəsində 2022-ci il ərzində idxal əməliyyatları üzrə 6, ixrac əməliyyatlar üzrə 2 xarici ticarət iştirakçısının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ dayandırılıb.

Bəs, “Yaşıl dəhliz” nədir?

"Yaşıl dəhliz"  əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

Məhz sistemə inteqrasiya əsasında  “Yaşıl dəhliz” buraxılış sisteminin iştirakçısına sərhəd buraxılış məntəqələrindən keçiddə, gömrük xidmətlərindən istifadədə və gömrük ekspertizasının aparılmasında prioritet yanaşma tətbiq edilir, həmçinin o, minimum fiziki yoxlamaya məruz qalır, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması imkanı yaradır. Sistemin spesifik üstünlüyü ondan ibarətdir ki, idxal əməliyyatında malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə getmədən malların boşaldılması, ixracda isə şəxsin gömrüyə getmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi mümkün olur.

“Yaşıl dəhliz”dən daimi istifadə hüququnu necə əldə etmək olar?

“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi şərtləri daha çox ixracatçılar üçün əlverişlidir. Belə ki, idxal əməliyyatlarında 5 tələb varsa, ixracda bunlardan 3-nə əməl etmək kifayət edir. Qaydaya əsasən, idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən, Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən və malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən, qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş aşağı risk qrupuna aid hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs  həm idxal, həm də ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ qazanır.

Lakin məsələyə sırf ixrac müstəvisindən yanaşdıqda, yəni, ancaq ixrac əməliyyatı həyata keçirən aşağı risk qrupuna aid  şəxsin bu tələblərin heç də hamısına cavab verməsinə ehtiyac yoxdur. Belə olan halda gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən,  qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş şəxs ixrac əməliyyatları həyata keçirilməsi üçün “Yaşıl dəhliz”dən daimi istifadə hüququ əldə edə bilər.

Əvvəllər bu sahədə problemlərin daha çox idxal əməliyyatlarını əhatə etməsi “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin daha çox idxal həyata keçirən subyektlər üçün aktual olacağı bəlli idi. Ümumilikdə isə bu buraxılış sisteminin əsas üstünlüyü idxal-ixrac əməliyyatlarını asanlaşdırması, qanuna könüllü riayət etmək mədəniyyəti yaratmasıdır ki, bu da həm sahibkarların, həm də gömrük orqanlarının mənafelərinə xidmət edir.  

Ceyhun Piriyev, “İki sahil”