03 mart 2023 02:14
497

Ölkəmiz nəqliyyat-tranzit potensialını artırır

Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Elə Azərbaycan da nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur. Bununla belə, ölkəmiz beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Dəmir yolları, hava limanları, Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu bu məqsədə xidmət edir. 

Rəsmi statistikaya görə, 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton, yük dövriyyəsi isə 12648,9 milyon ton-km olub. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım deməkdir. Yüklərin 27966,8 min tonu və ya 54,4 faizi avtomobil, 16841,2 min tonu və ya 32,7 faizi dəmir yolu, 6612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.  Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13634,6 min tonunu tranzit yüklər təşkil edib.

Statistik göstərici Azərbaycanın xeyli müddətdir nəqliyyat sahəsində böyük maliyyə tutumuna malik irimiqyaslı layihələr həyata keçirməsinin məntiqi nəticəsidir.

Rusiya-Ukrayna müharibəsi Orta Dəhlizin əhəmiyyətini artırır. Lakin Azərbaycan üçün Şimal-Cənub nəqliyyat dəhlizi də aktuallığını qorumaqdadır. Bu dəhliz Rusiya üçün əsas prioritetlərdən biridir. Hesab edilir ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli şəkildə 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Hərçənd ki, hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Bu baxımdan Azərbaycan üçün Şimal-Cənub nəqliyyat dəhlizi əhəmiyyətinə görə Orta Dəhlizdən heç də geri qalmır.

Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılmış Orta Dəhliz və yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Türkiyəyə, eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarına xidmət edir. Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamətdə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları, digəri isə Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəhliz üzrə hərəkət edən blok qatarlar orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu baxımdan dəhliz Çinin Qara dəniz, Türkiyə, Aralıq dənizi və Avropa ilə birləşməsi üçün vacib rol oynayır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. 

Həmçinin 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur. Bunlar Qafqaz – Fars körfəzi (Qərb marşrutu), Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu) və Xəzər dənizi – İran– Fars körfəzidir (Mərkəzi marşrut).

Yeri gəlmişkən, Prezident İlham Əliyevin martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə toxunduğu məsələlərdən biri də ölkəmizin nəqliyyat-tranzit potensialı olub. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.

Ceyhun Piriyev, “İki sahil”