02 mart 2023 22:59
442

Ötən il Bakı şəhərində orta aylıq əməkhaqqı 1080 manat olub

2023-cü ilin yanvar ayında Bakı şəhərində sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 5,6 milyard manat təşkil edib. Sənaye məhsulunun 84,6 faizi mədənçıxarma, 12,8 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun  payı 89,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,8 faiz təşkil  edib.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  1 fevral  2023-cü il vəziyyətinə 498,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54,1 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Cari ilin birinci ayında paytaxtdakı tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,9 faizini əsaslı təmir, 4,3 faizini cari təmir,  3,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.  

Yanvar ayında, həmçinin Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi  2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,7 faiz artaraq 2 milyard 492,2 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artaraq 1 milyard 327,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,9 faiz artaraq 1 milyard 164,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 31,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,2 faiz artaraq 68,2 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 62,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 91 faizini təşkil edib.

Bu ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artaraq 438 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 422 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,4 faizini təşkil edib.

Paytaxtda çalışanların məvaciblərinə gəlincə, 2022-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artaraq 1079,8 manat təşkil edib.     

Bakı Şəhər Statistika İdarəsi