Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu yanvar-fevral ayları ərazində əsas mənbələr - “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Fondun yanvar-fevral aylarında AÇG yataqlar bloku üzrə gəliri 1 milyard 324 milyon ABŞ dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Hesabat dövründə Fonda AÇG üzrə daxil olmuş gəlirin 625 milyon 74 min dolları və ya 47,2 faizi yanvar ayının payına düşüb. Bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 8,5 faiz azdır. Yanvar-fevral aylarında Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəliri isə 58 milyon 69 min dollar təşkil edib ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə çoxdur.
Təkcə yanvar ayında Azərbaycandan xam neft və xam neft məhsullarının ixracının dəyəri 1 milyard 397 75 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin həmin ayına nisbətən 31,2 faiz azdır.
Neft Fondunun yanvar-fevral aylarında “Şahdəniz” yatağından hasil edilmiş qazın satışından əldə etdiyi gəliri isə 476 milyon 682 min dollar təşkil edib. Bu da ötən ilin yanvar-fevral aylarının göstəricisinə nisbətən 2,3 dəfə çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında Fondun bu istiqamətdə gəliri 205 milyon 385 min dollar olmuşdu.
Belə görünür ki, Fondun cari ildə “Şahdəniz” yatağından əldə etdiyi gəliri fevral ayının payına düşüb. Çünki Fond yanvarda bu mənbədən gəlir əldə etdiyini açılamamışdı. Hərçənd ki, ötən ilin yanvar ayında “Şahdəniz”dən 149 milyon 899 min dollar gəlir əldə edilmişdi. Bunun 22 milyon 172 min dollar kondensat satışının payına düşmüşdü.
Dövlət Neft Fondu cari ilin ilk iki ayında “Şahdəniz” yatağından 534 milyon 751 min dollar gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,35 dəfə çoxdur. Baxmayaraq ki, cari ilin yanvar ayında təbii qaz ixracında azalma qeydə alınıb.
Ümumilikdə isə cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Fondun AÇG və “Şahdəniz” yataqları üzrə birgə gəliri 21,1 faiz artıb. Bütün bunların fonunda bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondu valyuta hərraclarında 545,1 milyon ABŞ dolları məbləğində satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,4 faiz azdır. Yanvarda 188,5 milyon dollar satılıb ki, bu da ötən ilin müvafiq ayına nisbətən 74,1 faiz azdır. Fevral ayında valyuta satışının məbləği 356,6 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 4 faiz azdır.
Ceyhun Piriyev, “İki sahil”
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub