10 mart 2023 02:59
353

Azərbaycan-Latviya: İqtisadi sahədə əməkdaşlıq genişlənə bilər

Azərbaycanla Latviya arasında diplomatik əlaqələrin yaranmasının 30 ilə yaxın tarixi var. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub.

Hazırda Azərbaycan və Latviya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edib. Belə sahələrdən biri də iqtisadiyyatdır. 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 46 milyon 342,43 min ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 70,45 faiz çoxdur. Dövriyyənin 27 milyon 602,26 min dollarını Azərbaycanın bu ölkəyə ixracı təşkil edib. Bu göstərici əvvəlki ilə nisbətən 2,8 dəfə çoxdur. Bu ölkədən idxal isə 18 milyon 740,17 min dollar olub ki, bu da 2021-ci illə müqayisədə 8,3 faiz çoxdur.

Ötən il Azərbaycanın Latviyaya ixracının 98 faizi qeyri-neft sektorunun payına düşüb. Bu baxımdan Latviya Azərbaycanın qeyri-neft məhsullarının ixracı baxımından Şimal-Şərqi Avropada mühüm ölkədir.

Bundan başqa, Latviyanın milli aviaşirkəti “airBaltic” bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır. Beləliklə, Latviya turistlərinin ölkəmizə gəlməsi və Azərbaycan vətəndaşlarının həmin ölkəyə getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq.

Hazırda Azərbaycanda 16 Latviya şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin əksəriyyəti nəqliyyat sahəsində çalışır. Azərbaycan da Latviyaya investisiya yatırıb. Bu investisiyanın həcmi 166 milyon dollardır.

Latviya Prezidenti Egils Levitsin mətbuata bəyanatından belə məlum olur ki, ölkəsi Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları, ağıllı enerji, yaşıl texnologiyalar, nəqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıdır. Eyni zamanda, sahibkarlarla görüşündə Azərbaycan və Latviya arasında yaxın qarşılıqlı əlaqələrin mövcud olduğunu vurğulayan Egils Levits bildirib ki, iqtisadi sahədə əlaqələr inkişaf edir və bunun daha da genişlənəcəyinə ümid var. Latviya Prezidenti E.Levits Azərbaycan və Latviyanın iş adamları ilə görüşündə Latviyanın İnvestisiya və İnkişaf Agentliyi ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında memorandumun imzalanacağını bildirib.  Memorandumun Azərbaycanla Latviya arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə yönələcəyi vurğulanıb. Belə ki,bu, iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün əsas olacaq. Memorandum hüquqi baza olmaqla, Latviya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə Latviyada daha geniş fəaliyyət göstərməsi üçün yeni imkanlar açmış olacaq.

Həmçinin Azərbaycan və Latviya  rəqabətədavamlı məhsulların birgə istehsalını yarada bilər. Hərçənd ki, belə məhsulların Avropa bazarlarına çıxarılması asan olar. Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns qeyd edib ki, Latviya şirkətləri gələcəkdə məhsullarını Avropa bazarına çıxarmaq üçün Azərbaycanla birgə istehsal üzrə əməkdaşlıq etmək istəyir. Bununla bağlı 5 prioritet sahə var. Latviya tərəfi xüsusilə də optik kabellərin istehsalı sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazır olduğunu bəyan edib.

Eyni zamanda, Azərbaycan tərəfi Latviya şirkətlərinin də azad olunmuş ərazilərdə fəaliyyət göstərməsində maraqlıdır. Bu, əsasən, ağıllı şəhər konsepsiyası sahəsinə aiddir. Sözügedən görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Azərbaycan ilə Latviya arasında işgüzar əməkdaşlığın inkişafı üçün sahibkarların bütün təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bəyan edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Latviya şirkətlərini bu istiqamətdə əməkdaşlığa dəvət edib.

Ceyhun Piriyev, “İki sahil”