Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik ümumilikdə qorunmuş və artım davam etmişdir. Bununla yanaşı, 2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər ən çox müzakirə edilən mövzulardandır. Bu məsələlərə aydınlıq gətirən Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib. Bu nikbin proqnozlara rəğmən, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna edilmir.
Federal Ehtiyatlar Sisteminin (FED) son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarında yenidən möhkəmlənib. Belə ki, FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir. Hətta dərəcənin 2023-cü ildə 6 faizədək yüksəldilməsi də istisna edilmir. Bu ayın 21-22-də FED yenidən bir araya gələrək məsələni müzakirə edəcək. FED-in yüksək dərəcə artımlarına getmək istəyi bu ilin ilk aylarında ABŞ-da iqtisadi göstəricilərin proqnozlaşdırılandan daha yaxşı olması ilə bağlıdır.
Son vaxtlar avro da ABŞ valyutasına nisbətən dəyər itirməkdədir. Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır.
Bəs FED-in qərarları Azərbaycan manatının məzənnəsinə necə təsir göstərəcək?
Məlumdur ki, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Əgər Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dolları hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub.
Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Unutmayaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.
2023-cü ilin pul siyasətinin əsas istiqamətləri qlobal iqtisadiyyat və maliyyə bazarları, habelə ölkənin xarici, fiskal və real sektorları üzrə proqnozlar nəzərə alınmaqla işlənib. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq. Ölkə iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2023-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcəkdir. Cari ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Cavid Əkbərov, “İki sahil”
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub