15 mart 2023 01:13
480

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qazaxıstan üçün də getdikcə ciddi problemlər yaradır. Məsələ burasındadır ki, Qazaxıstan neftinin əsas hissəsi Rusiya vasitəsilə dünya bazarlarına çatdırılır. Amma son günlərdə bu müstəvidə ciddi problemlər mövcuddur. Xəzər dənizində qazax neftinin tankerlərə yüklənməsini həyata keçirən borularda zədələnmə problemi daha da dərinləşmişdi. Amma ən əsası, Rusiyadan və onun üzərindən neft idxalı ilə bağlı məhdudiyyətlər Qazaxıstan üçün böyük problemə çevrilməyə başlamışdı. Elə bu səbəbdən Qazaxıstan Rusiya ilə yanaşı, alternativ marşrutlar da axtarmağa başladı və indi ölkənin bütün diqqəti Azərbaycan üzərində cəmlənib.

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılması nəzərdə tutulub. Bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko martın 10-da baş tutan Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib. O qeyd edib ki, hazırda ölkədən neftin ixracı bir neçə mühüm istiqamət üzrə həyata keçirilir. “Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir. Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri də mövcuddur. Bu ildən Aktau-Bakı marşrutu üzrə də nəqlə başlanılacaq. Yəni neft Azərbaycan vasitəsilə daşınacaq”, - XİN başçısının müavini vurğulayıb.

Bundan öncə isə Qazaxıstanın Baş naziri Əlixan İsmayılov 2023-cü ilin əvvəllərindən başlayaraq Azərbaycan ərazisindən keçərək 1,5 milyon ton Qazaxıstan neftinin nəqlinə başlanılacağını bildirmişdi. "Bizim artıq 1 yanvar 2023-cü ildən etibarən Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə 1,5 milyon ton neft nəqlinə dair sazişimiz var. Eyni zamanda həcmi gələcəkdə 6-6,5 milyon tonadək artırmağı nəzərdə tuturuq. Batumi və Özbəkistan istiqamətində dəmir yolu ilə pilot daşımalar artıq başlayıb, vaqon sisternlərinin sayı isə ikiqat artırılıb" – deyə o qeyd edib.

Bu arada xatırladaq ki, ötən il martın 9-da Bakıda “Samruk-Kazına” SC İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi Qazaxıstan nümayəndə heyəti Azərbaycan hökumətinin bir sıra yüksək vəzifəli şəxslərilə görüş keçirmişdi. Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması layihəsi idi. Bu marşrutun aktivləşdirilməsi ölkələrimizə yeni imkanlar vəd edir. Qazaxıstandan olan siyasi analitik Aydar Amrabayevin sözlərinə görə, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi Qazaxıstan və Azərbaycan üçün xarici maraqlar balansının qorunması və ticarətin optimallaşdırılması baxımından xüsusi strateji əhəmiyyət kəsb edir: “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kontinental Avrasiyada beynəlxalq turbulentlik şəraitində xarici ticarətin sabitliyini və balansını qorumağa imkan verir. Nəzərə almaq lazımdır ki, Qərblə geniş tərəfdaşlığa malik olan və ölkədə Qərb kapitalı və şirkətləri üçün geniş şərait yaradan Qazaxıstan üçün bu nəqliyyat marşrutu son dərəcə əhəmiyyətlidir. Üstəlik, yaxın tərəfdaşlarımız olan Cənubi Qafqaz ölkələri də buna bağlıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Türkiyə ilə müttəfiqliyin də mühüm bir tərəfi var. Bu layihə əslində bizim birgə iqtisadi potensialımızı artırmağa, bu vektoru Avrasiyada çox zəngin və davamlı hala gətirməyə qadirdir”.

Onu da qeyd edək ki, Azərbaycan Xəzərdə ən böyük neftdaşıma tankerlərinə malik olan ölkə hesab edilir. Bu tankerlərin hər birinin 100 min barel neft daşımağa qadir olmasını nəzərə alanda, faktiki olaraq, Azərbaycanın neftdaşıma tankerləri istənilən həcmdə Qazaxıstan neftini daşımağa qadirdir. Digər tərəfdən qazax neftinin istənilən həcmdə Bakı-Tbilisi-Ceyhanla daşınması üçün də bütün imkanlar mövcuddur. Azərbaycan, həmçinin Transxəzər marşrutu çərçivəsində Bakı limanının və xüsusilə Dübəndi neft terminalının imkanlarının genişləndirilməsi üzərində işləyir. Son illər görülən işlər nəticəsində 2021-ci ildə Dübəndi terminalı vasitəsilə tədarük olunan neft və neft məhsullarının həcmi 2020-ci illə müqayisədə 2,3 dəfə artaraq 1,1 milyon tonu ötüb.

Yeri gəlmişkən qeyd edək ki, Qazaxıstanın “KazTransOil” neftdaşıma şirkəti Bakı limanına tədarük olunması üçün Kaşaqan yatağından Aktau limanına 7 000 ton neftin sınaq məqsədli daşınmasını həyata keçirməyi planlaşdırır. Artıq Azərbaycan ərazisi ilə sınaq daşınmalarının da həyata keçirildiyi bildirilir. Belə ki, "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin  törəmə müəssisəsi - “ADY Express” MMC Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına başlayıb. Quruma daxil olan sorğuya əsasən, Gürcüstanın Batumi limanına qədər Qazaxıstandan mazut nəql edilməsi həyata keçirilir. Bununla bağlı yayılan məlumatda deyilir ki, Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəqliyyat və logistika sisteminə təsirsiz ötüşmür. Yük sahibləri Rusiya ərazisindən tranzit yükdaşımalarından imtina edərək yük axınlarının istiqamətini dəyişdirməyə çalışırlar. Bu, ilk növbədə, Rusiyanın Avropa ilə sərhədlərinin qapalı olması və dəniz limanlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır. Alternativ marşrutlardan biri kimi, Azərbaycandan keçən Şərq-Qərb nəqliyyat dəhlizi seçilir. Artıq qazaxıstanlı yük sahibləri Qərb istiqamətində daşımalarda, qeyd edilən dəhlizdən yararlanmağa başlayıblar.

Sevinc Azadi, “İki sahil”