Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların cəlb edilməsi ilə bağlı işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bugünlərdə portfelində olan bəzi istehsal müəssisələri haqqında məlumatları sahibkarların diqqətinə çatdırmaqla, özəlləşdirilməsinə maraq göstəriləcək müəssisələrin fəaliyyətinin canlandırılması və inkişaf etdirilməsinə dair investisiya təkliflərinin müzakirəsinə açıq olduğunu bəyan edib.
Özəlləşdirilməsi nəzərdə tutulan 22 orta və iri müəssisə üzüm emalı və şərab istehsalı, mətbuat yayımı xidməti, ət və ət məhsullarının hazırlanması, soyuducu anbar, fındıq tədarükü və emalı, quşçuluq məhsullarının istehsalı və satışı, elektrik enerjisi istehsalı və digər sahələri əhatə edir. Bu siyahıda “Cəlilabad Şərab” ASC, “Qasid” ASC, “Salyan Broyler” ASC, “Azəripək” MMC, “Bakı Elektroavtomat” ASC, Şəki Ət kombinatı (əmlak kompleksi), “Zeyxur” Kiçik Su Elektrik Stansiyası , “Zaqatala Fındıq” ASC və digər bu kimi müəssisələr var.
Paytaxtla yanaşı, regionları da əhatə edən bu müəssisələrin əksəriyyətinin 85-100 faizlik hissəsi, yerdəqalanının isə 30 faizlik hissəsi özəlləşdirilməyə çıxarılacaq. İlkin məlumata görə, bu müəssisələrin 11-i investisiya müsabiqəsi, 6-sı pul hərracı üsulu ilə özəlləşdiriləcək. Digərlərinin isə özəlləşdirilmə üsulu isə sonradan müəyyən ediləcək.
Xidmətin yaydığı məlumata görə, əksər müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulduğundan, müsabiqə şərtlərinin hazırlanması zamanı maraqlı şəxslərin təklifləri müzakirə ediləcək. Həmçinin bildirilib ki, müsabiqələrə çıxarılan müəssisələr real bazar dəyərindən aşağı qiymətə təklif olunmaqla, potensial investorlara dəstək tədbirlərinin tətbiqi imkanları da nəzərdən keçirilə bilər.
Ümumilikdə isə özəlləşdirmənin ümumi daxili məhsul istehsalının, büdcə gəlirlərinin artımı, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi, ərzaq və enerji təhlükəsizliyi kimi töhfələri ilə yanaşı, əhali və sahibkarlar üçün də bir çox üstünlükləri var. Bu üstünlüklərə əsasən, dövlət əmlakını mövcud bazar dəyərindən 20-30 faiz aşağı qiymətə əldə etmək imkanı, xüsusilə də investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə zamanı investisiya qoyuluşu müqabilində əmlakın daha aşağı qiymətə əldə edilməsi aiddir.
İndiyədək dövlət müəssisələrinin bazasında 1567 açıq səhmdar cəmiyyəti yaradılıb ki, onlardan 1465-nin səhmləri tam özəlləşdirilib. Həmçinin 50 minə yaxın kiçik müəssisə və obyekt, qeyri-yaşayış sahəsi və yarımçıq tikili özəlləşdirilib. Eyni zamanda, 8503 müəssisə və onun altında yerləşən torpaq sahəsi 6287,5 hektar torpaq sahəsi özəlləşdirilib. Ümumilikdə, özəlləşdirmədən dövlət büdcəsinə 1,1 milyard manatdan artıq vəsait daxil olub.
Ceyhun Piriyev, “İki sahil”