Cari ilin birinci ayını kiçilmə ilə başa vuran ölkə iqtisadiyyatında fevral ayında artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Yanvar ayında ötən ilin həmin ayına nisbətən ÜDM istehsalında 1,5 faiz azalma olmuşdu.
Yanvar-fevral aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda 4,6 faiz artıb. Bu, həmçinin onu göstərir ki, yanvar ayının göstəricisi ilə müqayisədə fevralda neft sektorunda azalma xeyli səngiyib (1 faiz-bənd azalıb), qeyri neft-qaz sektorunda isə artım tempi 2,7 dəfə çoxalıb.
Hesabat dövründə ÜDM istehsalının 50,3 faizi sənaye, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 16,9 faizi digər sahələrin payına düşüb. Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.
Yanvar ayı ilə müqayisədə yanvar-fevral ayları üzrə sənayenin payı 2,5 faiz-bənd azalsa da rəqəmlərdən də göründüyü kimi, ölkə iqtisadiyyatının yarıdan çoxu bu sahədən ibarət olub. Lakin sənaye istehsalında illik olaraq azalma tempi yanvar ayı ilə müqayisədə kiçilib (1,5 faiz-bənd). Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən, həmçinin 2023-cü ilin yanvar-fevral aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 3,7 faiz azalsa da, qeyri neft-qaz sektorunda 6,8 faiz artıb. Bununla da ötən ayla müqayisədə neft-qaz sektorunda illik azalma tempi 1,2 faiz-bənd kiçilib, qeyri-neft qaz sektorunda isə 3,4 dəfə artıb.
Cari ilin yanvar-fevral aylarında sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 21,5 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə sənayedə mədənçıxarma və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorlarının payı artıb, digərlərinin isə azalıb.
Hesabat dövründə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,9 faiz artıb. Ötən ayla müqayisədə fevralda neft hasilatında azalma tempi kiçilib, qaz hasilatı ilə artıma keçib.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların, ağacın emalı və ağacdan məmulatların, avtomobil, qoşqu və yarımqoşquların, poliqrafiya məhsullarının, əczaçılıq məhsullarının, kağız və kartonun, tikinti materiallarının, tütün məmulatlarının və digərlərinin istehsalı artıb. Mebel, hazır metal məmulatlarının, neft, kimya sənayesi, nəqliyyat vasitələrinin, metallurgiya sənayesi məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,9 faiz artıb.
Ceyhun Piriyev, “İki sahil”